"Məktəb çantalarının ağır olması problemi mövcuddur və bu məsələni anlamaq lazımdır".
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsi zamanı deyib.
Nazir qeyd edib ki, problemin yalnız bir qurumla əlaqələndirilməsi düzgün deyil və bu vəziyyət bir neçə amillə bağlıdır. Çantaların ağırlaşması həm dərsliklər, həm də ev tapşırıqları və əlavə tədris materialları ilə əlaqədardır. Bəzi hallarda Təhsil və Elm Nazirliyi tərəfindən təsdiqlənməyən, yaxud dərs proqramına daxil olmayan əlavə vəsaitlərdən istifadə olunur və bu da şagirdlərin çantalarına əlavə yük yaradır.
E.Əmrullayev əlavə edib ki, bu məsələdə nazirliyin birbaşa günahlandırılması və sualın yalnız nazirliyə yönəldilməsi doğru deyil, çünki çantaları ağırlaşdıran əsas tərəf məhz nazirlik deyil.
Onun sözlərinə görə, nazirlik tərəfindən hazırlanan dərsliklərin çəkisi normativlərə uyğundur və hazırda bir dərsliyin çəkisi təxminən 200–270 qram arasında dəyişir.
E.Əmrullayev qeyd edib ki, əgər bu problem hamını narahat edirsə, onun həlli də yalnız bütün tərəflərin iştirakı ilə mümkündür: “İş dəftərləri dərslik komplektinin tərkib hissəsidir və burada mübahisəli məqam yoxdur. Lakin əlavə vəsaitlərin çoxluğu çantaların daha da ağırlaşmasına səbəb olur”.
Nazir sonda bildirib ki, bu məsələ valideynlərin, müəllimlərin və nazirliyin birgə məsuliyyətidir: “Bu, ictimai problemdir və ictimai problemlər yalnız cəmiyyətin birgə səyi ilə həll oluna bilər”.