AZ

“Hollivudda qanlı faciə: məşhur rejissor Rob Rayner və həyat yoldaşı Los Ancelesdə qətlə yetirildi“ “Vesty“

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Bu faciə təkcə bir ailənin deyil, bütöv bir dövrün itirilməsi kimi qiymətləndirilir..."

Dekabrın 14-dən 15-nə keçən gecə Hollivud dünyası sarsıdıcı xəbərlə üzləşib. ABŞ kinosunun ən tanınmış rejissorlarından biri, 78 yaşlı Rob Rayner və onun 68 yaşlı həyat yoldaşı Mişel Zinger Los-Ancelesdəki evlərində ölü tapılıb.

Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri məlumat yayıb.

Hadisənin ilk detalları

Hadisə yerinə gələn xilasedicilər cütlüyün hər ikisinin kəsici alətlə çoxsaylı xəsarətlər aldığını müəyyən edib. İlk mərhələdə hadisənin qarət məqsədilə törədildiyi ehtimal edilsə də, sonradan əsas şübhələr ailənin 32 yaşlı oğlu Nik Rayner üzərində cəmlənib. Los-Anceles polisinin bildirdiyinə görə, evdə yanğın izləri də aşkar edilib ki, bu da meyitlərin tanınmasını çətinləşdirib. İş hazırda şəhər polisinin qətl və soyğunçuluq üzrə xüsusi bölməsi tərəfindən araşdırılır.

Şübhəli şəxs və ailə dramı

İstintaqın ilkin versiyalarına əsasən, Rob və Mişel Raynerin ikinci oğlu olan Nik Rayner hadisədə mümkün iştirakçı kimi nəzərdən keçirilir. Məlumata görə, o, uzun illər narkotik asılılığı ilə mübarizə aparıb. Nik hələ 15 yaşında reabilitasiya mərkəzinə göndərildiyini, lakin asılılığın zamanla daha da dərinləşdiyini etiraf edib.

2016-cı ildə "People" jurnalına verdiyi müsahibədə Nik Rayner evsiz qaldığını və ABŞ-ın müxtəlif ştatlarında küçələrdə yaşadığını belə təsvir edib: "Men ştatında evsiz idim, Nyu-Cersidə evsiz idim, Texasda evsiz idim. Küçələrdə gecələyirdim, həftələrlə orada qalırdım. Bu, qətiyyən romantik deyildi".

Bu ağır həyat təcrübəsi onun "Çarli olmaq" adlı dram əsərinin əsasını təşkil edib. Həmin əsər sonradan atası Rob Rayner tərəfindən ekranlaşdırılıb. Polis vurğulayır ki, Nik Raynerin günahı hələ sübuta yetirilməyib və bu, yalnız araşdırılan versiyalardan biridir. Onun hazırkı yeri rəsmi olaraq açıqlanmayıb. Ailənin qızı Romi isə qarşı evdə, uşaqları ilə birlikdə yaşayır.

Hollivud klassikasına çevrilmiş bir irs

Yəhudi ailəsində Nyu-Yorkda doğulan Rob Rayner Amerika kinosunun ikinci yarım əsrinin ən məhsuldar və nüfuzlu simalarından biri hesab olunur. O, karyerasına aktyor kimi başlayıb, "All in the Family" serialındakı rolu ilə iki dəfə "Emmi" mükafatına layiq görülüb. Daha sonra rejissor kimi kino tarixində iz qoyan filmlərə imza atıb.

Raynerin rejissorluq debütü 1984-cü ildə çəkilən kult psevdosənədli "This Is Spinal Tap" filmi olub. Ardınca "The Sure Thing", "Stand by Me", "The Princess Bride:, "When Harry Met Sally", "Misery" və "A Few Good Men" kimi filmlər gəlib. "Bir neçə yaxşı oğlan" filmi ona "Oskar" nominasiyası qazandırıb, "Amerika prezidenti" isə növbəti böyük uğuru olub.

Rob Rayner müxtəlif janrlarda - psixoloji trillerlərdən romantik komediyalara, qorxu filmlərindən detektiv dramalara qədər eyni ustalıqla işləməyi bacaran nadir rejissorlardan sayılırdı. Həyat yoldaşı Mişel Zinger isə prodüser kimi onun bir çox layihəsində, həmçinin xeyriyyə və ictimai təşəbbüslərində fəal iştirak edib.

Polis bildirir ki, istintaq davam edir və yekun nəticələr yalnız bütün ekspertizalar başa çatdıqdan sonra açıqlanacaq. Hollivud isə artıq bu faciəni təkcə bir ailənin deyil, bütöv bir dövrün itirilməsi kimi qiymətləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
1
moderator.az

2Mənbələr