Cəlilabadda canavarlar kəndlərə hücum çəkir.
"Unikal" xəbər verir ki, Cəlilabad rayonunda bir həftəyə yaxındır ki canavarlar qoyun sürülərinə hücum edir. Yerli sakinlərin sözlərinə görə, canavarları əsasən Fərzili və Hamarqışlaq kəndlərində görmək mümkündür. Hər iki kəndin otlaq sahələrində, əsasən də səhər saatlarında təxminən 10–11 radələrində qoyunlar otarılan zaman canavarlar sürüyə hücum edir. Belə halların kəndlərə yaxın, açıq ərazilərdə baş verməsi vəziyyəti daha da təhlükəli edir. Vəhşi heyvanların sürüyə hücumu nəticəsində ümumilikdə səkkiz baş qoyun yaralanıb. Onlardan üç-dördü sonradan tələf olub. Kənd sakinləri, xüsusilə uşaqların təhlükəsizliyindən narahat olduqlarını, heyvanları qorumaq üçün əlavə tədbirlərin görməsini istəyirlər.
Məsələ ilə bağlı Cəlilabad rayon İcra hakimiyyətinin Astanlı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirdilər ki, hadisə ilə bağlı Rayon icra hakimiyyətinə, hüquq-mühafizə orqanlarına məlumat verilib. Yaxın günlərdə müvafiq tədbirlərin görüləcəyi planlaşdırılır.
Xəlil Əliyev