AZ

Cəlilabadın iki kəndində canavar hücumları sakinləri təşvişə salıb

CƏLİLABAD, 15 dekabr. TELEQRAF

Cəlilabad rayonunun iki kəndində canavarların qoyun sürülərinə hücumu yerli sakinlər arasında narahatlıq yaradıb.

Teleqraf-ın Cənub Bürosu xəbər verir ki, rayonda təxminən bir həftədir canavarlar heyvandarlıqla məşğul olan ailələrə ciddi ziyan vurur.

Yerli sakinlərin sözlərinə görə, vəhşi heyvanlar əsasən Fərzili və Hamarqışlaq kəndlərinin otlaq sahələrində müşahidə olunur. Bildirilir ki, xüsusilə səhər saatlarında — təxminən 10–11 radələrində qoyunlar otarılan zaman canavarlar sürüyə hücum edir.

Canavar hücumları nəticəsində ümumilikdə səkkiz baş qoyun yaralanıb, onlardan bir neçəsi sonradan tələf olub. Kənd sakinləri, xüsusilə uşaqların təhlükəsizliyindən ciddi narahat olduqlarını bildirir, heyvanları və əhalini qorumaq üçün əlavə tədbirlərin görülməsini tələb edirlər.

Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin Astanlı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən Teleqraf-a bildirilib ki, hadisə barədə rayon icra hakimiyyətinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. Yaxın günlərdə müvafiq qurumlar tərəfindən təhlükəsizlik tədbirlərinin görülməsi planlaşdırılır.

Seçilən
49
2
teleqraf.com

3Mənbələr