AZ

Almaniya Kansleri: Atəşkəs Ukraynanın Avropa perspektivini qoruyub saxlamalı, onun bərpasına imkan yaratmalıdır

Berlin, 15 dekabr, AZƏRTAC

Prezident Donald Trampın fəal iştirakı olmasaydı, biz hazırda burada şahidi olduğumuz müsbət dinamikanı əldə edə bilməzdik.

AZƏRTAC xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts sülh danışıqları ilə əlaqədar Berlində səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

Müzakirələrin bu axşam Avropanın bir sıra ölkələrinin dövlət və hökumət başçılarının, Avropa İttifaqının rəhbər şəxslərinin iştirakı ilə davam etdiriləcəyini vurğulayan Kansler danışıqların çox çətin proses olduğunu qeyd edib.

Fridrix Merts Rusiyanı maksimal tələblər irəli sürməklə vaxt udmağa çalışdığını, eyni zamanda, Ukraynaya qarşı hücumu davam etdiriyini vurğulayaraq bildirib: “Lakin bu, bizi yolumuzdan döndərmir. Biz ukraynalılar, avropalılar və amerikalılar arasında razılaşdırılmış beş məqsədi ardıcıl şəkildə izləyirik.

Birincisi, dörd il davam edən müharibədən sonra biz Ukrayna dövlətinin suverenliyini qoruyan bir atəşkəs istəyirik.

İkincisi, bu atəşkəs ABŞ və Avropa tərəfindən veriləcək substantiv, yəni, hüquqi və maddi təhlükəsizlik təminatları ilə möhkəmləndirilməlidir. ABŞ-ın Berlində hüquqi və maddi təminatlar baxımından masaya qoyduğu təkliflər həqiqətən diqqətəlayiqdir. Bu, çox mühüm irəliləyişdir və mən bunu böyük məmnuniyyətlə qarşılayıram.

Üçüncüsü, atəşkəsi biz - ukraynalılar, avropalılar və amerikalılar birlikdə hazırlayırıq. Bu, dünən də belə idi, bu gün də bizim ortaq anlayışımızdır ki, bu da ümumi uğurumuzdur.

Dördüncüsü, atəşkəs NATO-nun və Avropa İttifaqının birliyinə və gücünə xələl gətirməməlidir. Əksinə, Avropada bizi daha sıx birləşdirməlidir. Bu məsələdə də yekdil mövqedəyik.

Nəhayət, beşincisi, atəşkəs Ukraynanın Avropa perspektivini qoruyub saxlamalı, onun bərpasını mümkün və təşviq etməlidir. Ukraynalılar, avropalılar və amerikalılar bu məsələyə eyni cür yanaşırlar”.

 

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Seçilən
71
1
azertag.az

2Mənbələr