AZ

Azərbaycanda daha bir ekstrasensin əməlləri ŞOK ETDİ: Quranla... - VİDEO

Sosial mediada "Natavan" adı ilə tanınan bir ekstrasensin paylaşdığı video bəzi izləyicilər tərəfindən narazılıqla qarşılanıb.

Musavat.com-a müraciət edən inanclı insanlar qeyd edirlər ki, videoda övladı həbsdə olan bir qadının ekstrasensə müraciət edərək kömək istədiyi, qarşısına Qurani-Kərim qoyularaq onun vasitəsilə oğlunun həbsdən çıxacağına ümid verildiyi görünür.

Görüntülərdə ekstrasensin müqəddəs kitabdan istifadə edərək "yardım" vəd etməsi və bu prosesi maddi qarşılıq əsasında həyata keçirdiyi iddia olunur.

Bu hal cəmiyyətdə həm dini, həm də hüquqi baxımdan ciddi suallar doğurub.

Bu fəaliyyət qanunla necə tənzimlənir? Hər hansı cəza nəzərdə tutulurmu?

RAMİL

Hüquqşünas Ramil Süleymanov mövzu ilə bağlı Musavat.com-a deyib ki, falçıların özünü reklam etməsi qanunla tənzimlənməlidir:

"Falçıların özlərini reklam etməsi və bu kimi hallar mütləq şəkildə qanunla tənzimlənməlidir. Ora gedən şəxslər bəzən diqqət yetirmirlər ki, falçının orada olmasının, yaxud istifadə etdiyi atributların hər hansı hüquqi əhəmiyyəti varmı, ya yox.

Mövcud qanunvericilikdə konkret olaraq falçılıq fəaliyyəti ilə qazanc əldə edilməsinə dair birbaşa qadağa və ya məhdudiyyət yoxdur. Lakin vətəndaş aldadıldığını, pulunun dələduzluq yolu ilə əlindən alındığını iddia edirsə və bununla bağlı polis orqanlarına müraciət edərsə, hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıla bilər. Araşdırma zamanı dəymiş zərərin həcmi müəyyən edilərsə və əməldə Cinayət Məcəlləsinin tələblərinə uyğun olaraq cinayət tərkibi aşkar olunarsa, müvafiq qaydada cinayət işi başlanması üçün əsas yarana bilər. Bu halda vətəndaş zərərçəkmiş şəxs qismində tanına bilər.

Hesab edirəm ki, belə hallarda zərərçəkmiş şəxs mütləq şəkildə yaşadığı ərazi üzrə polis orqanına müraciət etməli və məsələ qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmalıdır.

Məhkəmə təcrübəsində bununla bağlı kifayət qədər məhkəmə qərarları mövcuddur. Bu cür əməllər Cinayət Məcəlləsinin 178-ci maddəsi - dələduzluq maddəsi üzrə qiymətləndirilib və çoxsaylı məhkəmə qərarları çıxarılıb".

İlahiyyatçı Fərid Abdulla isə Musavat.com-a məsələnin dini tərəfini şərh edib.

maxresdefault.jpg

Onun sözlərinə görə, Quran fala alət edilə bilməz və gələcəkdən xəbər vermək üçün istifadə olunması İslam prinsiplərinə ziddir:

"Quran insanın həyatından danışır, əməllərinə görə hesab verəcəyini göstərir. Quran sənə deyir ki, əməllərinə görə sorğu-sual olunacaqsan. Qarşıda səni axirət gözləyir, hesab var, qiyamət var, qəbir var. Amma Quranda yazılmır ki, filan adam filan vaxt doğulacaq və ya filan hadisə onun başına gələcək. İnsanların müqəddəs kitabdan fal məqsədilə istifadə etməsi böyük yanlışdır.

Hətta indi müasir adlanan bəzi "məktəblər" də ortaya çıxıb - reinkarnasiya anlayışı gətirirlər, başqa-başqa inancları İslamla əlaqələndirməyə çalışırlar. Halbuki bunlar başqa inanc sistemlərindən gələn anlayışlardır və İslamla heç bir əlaqəsi yoxdur. Amma insanlar yenə də gedir, bu cür insanlara müraciət edirlər.

Bəziləri də deyir ki, filan duanı oxuyum, Allah dərhal qəbul etsin. Belə bir anlayış yoxdur. Elə bir dua yoxdur ki, sən onu oxusan, Allah mütləq qəbul edəcək, oxumasan, qəbul etməyəcək. Allah istədiyini istədiyi vaxt qəbul edir".

Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
41
olaylar.az

1Mənbələr