"Seçicilər onun "ən güclü iqtisadiyyat" arqumentini hələ tam qəbul etməyib..."
ABŞ prezidenti Donald Tramp Respublikaçılar Partiyasının 2026-cı ildə keçiriləcək aralıq seçkilərində məğlub ola biləcəyini istisna etməyib.
Moderator.az xəbər verir ki, bu barədə o, "The Wall Street Journal" qəzetinə müsahibəsində bəyan edib.
ABŞ tarixinin "ən güclü iqtisadiyyatını" yaradıb, lakin amerikalıların bunu dərk etməsi üçün zamana ehtiyac var. Tramp xatırladıb ki, keçmişdə də uğurlu prezidentlər aralıq seçkilərdə çətinliklərlə üzləşib. "Görək nə olacaq. Biz qalib gəlməliyik. Amma statistik baxımdan bu, çox çətindir", - o, vurğulayıb.
"Ən böyük iqtisadiyyat"
Yanvarın 20-də Ağ Evə qayıtdıqdan sonra Tramp mütəmadi olaraq bildirir ki, onun rəhbərliyi altında ABŞ iqtisadiyyatı çiçəklənməyə başlayıb. Prezidentin sözlərinə görə, ölkəyə böyük həcmdə kapital axını gedir, avtomobil zavodları tikilir, süni intellekt sahəsi genişlənir.
Bununla belə, Tramp etiraf edir ki, bu proseslərin seçicilərin qərarlarına necə təsir edəcəyini demək çətindir: "Mən yalnız öz işimi görə bilərəm". Bu açıqlamalar demokratların, xüsusilə Nyu-York və Mayamidə qalib gəldiyi bir sıra seçkilətin keçirilməsi fonunda səslənib.
İnflyasiya, sorğular və ictimai narazılıq
ABŞ Federal Ehtiyat Sistemi iqtisadi artım proqnozunu gələn il üçün 2,3 faizə qədər yüksəldib. Eyni zamanda inflyasiyanın azala biləcəyi də qeyd olunur. Bununla belə, sentyabr ayında inflyasiya göstəricisi illik müqayisədə 2,8 faizə çatıb.
Tramp seçki kampaniyası zamanı inflyasiyanı aşağı salacağına söz vermişdi. Son statistik məlumatlardan sonra o, ictimaiyyəti "ölkə tarixində inflyasiyasız ən böyük iqtisadiyyat" yaratdığına görə ona haqq verməyə çağırıb.
Lakin sorğular fərqli mənzərə ortaya qoyur. Çikaqo Universitetinin AP üçün apardığı rəyə görə, amerikalıların cəmi 31 faizi Trampın iqtisadi siyasətindən razıdır. ABŞ prezidenti bu nəticələrə emosional reaksiya verərək "Truth Social" platformasında sual edib: "Nə vaxt insanlar başa düşəcəklər ki, mən nə yaratmışam?"
2026-cı il seçkiləri və siyasi risklər
2026-cı ilin payızında keçiriləcək aralıq seçkilərdə demokratlar Nümayəndələr Palatasında çoxluğu geri qaytarmağa ümid edir. Hazırda isə Konqresin hər iki palatasına respublikaçılar nəzarət edir.
ABŞ siyasi tarixində aralıq seçkilərdə hakim partiyanın tez-tez mövqelərini itirməsi artıq bir qayda halını alıb. Tramp da bunu anlayır və etiraf edir ki, iqtisadi göstəricilərə baxmayaraq, seçkilərdə qələbə avtomatik təmin olunmur.