AZ

Avtomobil idarə etmək üçün etibarnamə tələbi aradan qalxır?VİDEO

Azərbaycanda avtomobillərdən istifadə zamanı etibarnamə tələbi qalmaqdadır. Yəni şəxs avtomobilin mülkiyətçisi deyilsə, onu idarə etmək üçün əsas sənəd etibarnamə sayılır. Lakin bəzən verilən etibarnamə avtomobili almağa, satmağa imkan yaratsa da, onu sürməyə icazə vermir. Məhz bu məqam hüquqi suallar doğurur.

Xezerxeber.az-ın məlumatına görə, problem etibarnamənin olmasında deyil, onun məzmunundadır. Çünki mülki etibarnamə avtomobili almağa, satmağa imkan versə də, eyni sənəddə avtomobilin idarə edilməsi hüququ istisna edilir. Hazırda Azərbaycanda avtomobildən istifadə edən şəxs mülkiyətçi deyilsə, onu avtomobillə bağlayan əsas sənəd etibarnamədir. Bu, qüvvədə olan qanunvericiliyin tələbidir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, təcrübədə bir neçə növ etibarnaməyə rast gəlinir. Faktiki olaraq ən çox istifadə ediləni sərəncam hüquqlu etibarnamədir. Bu halda mülkiyətçi avtomobildən istifadə və onun üzərində sərəncam hüququnu etibar edir və bu etibarnamənin müddəti bir il olur. İkinci növ etibarnamə isə sərəncam hüququnu istisna etməklə avtomobili yalnız idarə etmək üçün verilir. Əsas problemli nöqtə isə ümumi mülki etibarnamə ilə bağlıdır. Belə ki, bu etibarnamə ilə daşınar və daşınmaz əmlaklar, o cümlədən avtomobil də etibar edilə bilər. Ancaq əksər hallarda belə etibarnamələr yazılarkən avtomobilin idarə edilməsi hüququ istisna edilir. Başqa sözlə, etibar edilən şəxs avtomobili bu sənəd əsasında sata, bağışlaya bilər, ancaq sürə bilməz.

Ekspert bildirir ki, mövcud praktika əsasən standart notariat şablonlarına söykənir. Həmin şablonlarda isə avtomobilin idarə edilməsi hüququ çox zaman avtomatik şəkildə istisna olunur. Nəticədə vətəndaş öz iradəsini tam şəkildə sənəddə əks etdirə bilmir. 

Ekspertlərin fikrincə, bu yanaşma qanunvericilikdə əksini tapsa, avtomobilin başqası tərəfindən idarə olunması üçün əlavə sənədə ehtiyac qalmaz. Belə olan halda etibarnamələrlə bağlı mövcud çətinliklər də aradan qalxar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
24
xezerxeber.az

1Mənbələr