Faiq Ələkbərli: “Nuru paşanı işğalçı kimi qələmə vermək türk düşmənlərinin işidir”
1918-ci ilin yayında Azərbaycan xalqı çətin və taleyüklü məsələlərlə üz-üzə qalmışdı. Bakı şəhəri bolşevik-daşnak qüvvələrinin işğalı altında idi. Ölkənin müsəlman əhalisi soyqırımlara məruz qalır, milli dövlətçiliyin sütunları möhkəmliyini itirirdi.
Bakı Sovetinin rəhbərlərindən olan bolşevik-daşnak Stepan Şaumyanın başçılığı altında azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilir, minlərlə azərbaycanlı yalnız etnik və dini mənsubiyyətinə görə öldürülürdü. Məhz belə bir şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi Osmanlı hökumətinə müraciət etdi. Bu müraciət əsasında 1918-ci ilin iyununda Osmanlı Türkiyəsinin Hərbi naziri Ənvər paşanın əmri ilə Qafqaz İslam Ordusu yaradıldı. Ordunun komandanlığı Osmanlı Ordusunun tanınmış hərbçisi general-leytenant Nuru paşaya (Nuru Killigil) həvalə edildi. 1918-ci il sentyabrın 15-də Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Bakıya daxil olub şəhəri bolşevik-daşnak qüvvələrindən azad etdi. Ancaq bəzi sosial media hesablarında bu fakt əksinə təqdim edilir. İddia olunur ki, guya Ənvər paşa Bakını azad etməyə deyil, işğal etməyə gəlmişdi. Təbii ki, bu məlumatı yayanlar Azərbaycanın düşmənləridir. Maraqlıdır, bu saxta, yanlış məlumatı kimlər nə məqsədlə yayır?
“Nuru paşa Qafqaz İslam Ordusu adlanan ordunun başında dayanıb, bu məsələdən açıq şəkildə görünür ki, Azərbaycana dəstək üçün gələn ordu işğalçı ola bilməz”
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan Cumhuriyyəti qurulduğu dövrdə milli ordu olmadığı üçün Məhəmməd Əmin Rəsulzadə Azərbaycana yaxın olan dövlətdən hərbi yardım almağa qərar verir: “Məlumdur ki, Cumhuriyyət qurulmazdan öncə Rəsulzadə, Məhəmməd Həsən Hacinski və dövlətin başqa səlahiyyətli nümayəndələri tərəfindən Batumidə danışıqlar keçirilirdi. Həmin danışıqların əsas məqsədi Zaqafqaziya Seyminin dağıdılması, müstəqil dövlətlərin yaranması idi. Azərbaycan isə Osmanlıdan hərbi yardım almaq niyyətində idi. 1918-ci il 28 may tarixində Tiflisdə müstəqil Azərbaycan elan edildikdən sonra iyunun 4-də Osmanlı ilə ölkəmiz arasında müqavilə bağlandı. Həmin müqavilə əsasında Osmanlı dövləti Azərbaycana hərbi yardım göndərdi. O zaman hərbi dəstəyin göndərilməsində Osmanlı dövlətinin hərbi naziri Ənvər paşanın mühun rolu oldu. Ənvər paşanın Azərbaycana göndəriləcək orduya Nuru paşanı komandan təyin etməsi təsadüfi deyil. Məlumdur ki, Nuru paşa Qafqaz İslam Ordusu adlanan ordunun başında dayanıb. Bu məsələdən açıq şəkildə görünür ki, Azərbaycana dəstək üçün gələn ordu işğalçı ola bilməz. Osmanlı dövlətinin əsas məqsədi Qafqazdakı türk xalqlarına yardım etmək idi. Həmin dövrdə bolşevik Rusiyası antitürk qüvvələri ilə birləşərək Türküstan və Qafqazdakı türk xalqlarına qarşı qətliam törədirdi. Xatırladım ki, 1917-1918-ci illərdə Krım, Türküstan və Azərbaycanda həmin vəhşilikləri gördük. Ənvər paşanın əsas niyyəti türk xalqlarını bu zülmdən xilas etmək idi. Nuru paşanı işğalçı kimi qələmə vermək türk düşmənlərinin işidir”.
Günel CƏLİLOVA