Ötən gündən Şamaxının dağlıq ərazilərində yağan qar təsirini göstərib.
Xezerxeber.az-ın məlumatına görə, dəniz səviyyəsindən təxminən 1500 metr yüksəklikdə yerləşən Pirqulu qəsəbəsi və ətraf yaşayış məntəqələrində qatı duman səbəbindən görünüş məsafəsi xeyli dərəcədə aşağı enib. Yolun buz bağlaması, yol səthinin sürüşkən olması və dumanın yaratdığı məhdud görünüş sürücülər üçün riskli vəziyyət yaradıb. Hazırlıqsız yola çıxan sürücülər çətin anlar yaşayıb.
Bəzi sürücülər isə təhlükəsizlik məqsədilə avtomobillərini kənara çəkərək hərəkəti dayandırmağa və ya geri qayıtmağa məcbur qalıblar.
Qar əsasən Pirqulu qəsəbəsi, Nağaraxana, Zaradxeybəri, Avaxıl, Ərçiman, Pirbəhli və Dəmirçi istiqamətlərində müşahidə olunub. Bu ərazilərdə qar örtüyünün hündürlüyü 4-5 santimetrə çatib. Əraziyə canlı qüvvə və xüsusi texnika cəlb olunaraq yol qardan və buzdan təmizlənib. Ancaq bütün bunlara baxmayaraq, yollar sürüşkən olduğundan təhlükə hələ də qalır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.