AZ

Premyer Liqa klubları ayağa qalxdı, sədr maraqlı təklif verdi - DETALLAR

Premyer Liqada sıralanan hakim səhvləri klub rəsmilərini boğaza yığıb.

Artıq vəziyyət o həddə çatıb ki, VAR belə, ədalət təmsilçilərinin ədaləti lazımi şəkildə qorumasına imkan vermir.

Hər turda hansısa biri, bəzən bir neçəsi kobud səhvlə diqqət çəkir.

Klublar Komitəsinin sonuncu iclasında bu məsələ aktual mövzuya çevrilib. Bir neçə klubun rəsmisi hakimliklə bağlı etirazını masanın üzərinə qoyub.

Hakimlər Komitəsinin yeni təyin olunmuş rəhbəri Rəhim Həsənov elita təmsilçilərinə maraqlı təklif irəli sürüb.

Həsənov bildirib ki, ay ərzində 3 oyunun VAR danışıqlarını klublara təqdim edə bilərlər.

Seçim etmək klubların öhdəsinə buraxılıb. Ki, hansı matçdan narazılığınız varsa, hakimlərin qulaqcıqla danışıqlarını sizə təqdim edə bilərik.

Sözsüz, bu, çıxış yolu deyil. Çünki bir referi hansısa klubu “vurmaq” istəyirsə, bu, əvvəldən planlaşdırılır və oyun əsnasında aparılan danışıqlar zamanı əks olunmur.

Odur ki, klublar məlum təklifə isti yanaşmayıb. Onların tələbi hakimlərin diqqətli olması, VAR-ın xidmətindən doğru-düzgün istifadə etməyə çalışmasıdır.

Maraq üçün bildirək ki, Azərbaycan kubokunun 1/8 final mərhələsi və Premyer Liqanın 14-cü turunun təhlili zamanı iki kobud səhv diqqət çəkib.

Kubokun “İmişli” – “Sabah” duelində Kamal Umudlu, çempionatın “Sumqayıt” – “İmişli” qarşılaşmasında Əliyar Ağayev VAR-a baxandan sonra imişlilərin xeyrinə yanlış penalti qərarı verib.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
122
sportinfo.az

1Mənbələr