AZ

Luvr muzeyinin əməkdaşları tətil edir, muzey ziyarətçilər üçün bağlıdır

Paris, 15 dekabr, AZƏRTAC

Parisdə yerləşən Luvr muzeyi əməkdaşların tətili səbəbindən ziyarətçilər üçün bağlı qalacaq.

AZƏRTAC xəbər verir ki, dekabrın 15-də keçirilən ümumi yığıncaqda 400-ə yaxın əməkdaş CFDT, CGT və Sud kimi həmkarlar ittifaqlarının çağırışı ilə yekdilliklə tətil qərarını dəstəkləyib.

İşçilər daha çox işçi heyəti və daha yaxşı əmək şəraiti tələb edirlər. Həmkarlar ittifaqları narazılıqlarını əsasən muzeyin prezidenti-direktoru Lorans de Karın idarəçiliyi ilə əlaqələndirir. Onların sözlərinə görə, oktyabrın 19-da Apollon qalereyasında baş vermiş oğurluq, köhnəlmiş bina, texniki nasazlıqlar və ard-arda yaşanan insidentlər iş şəraitini daha da ağırlaşdırıb. Son aylarda bəzi zallar təhlükəsizlik səbəbilə bağlanıb, kitabxanaya su sızması isə yüzlərlə nəşrə ziyan vurub.

Əməkdaşlar bildirirlər ki, kadr çatışmazlığı səbəbindən iş yükü həddindən artıq artıb və bu, psixososial risklərin kəskin yüksəlməsinə gətirib çıxarıb. Həmkarlar ittifaqları təcili olaraq yeni ştatların açılmasını, daimi müqavilələrlə işə qəbulun genişləndirilməsini və iş saatlarının artırılmasını tələb edirlər.

Muzey rəhbərliyi tənqidləri qəbul etməsə də, işçilər artıq birbaşa Mədəniyyət Nazirliyi ilə danışıqlar aparmaq niyyətindədir. Tətil Luvrdakı dərin narazılığın və böhranlı vəziyyətin açıq göstəricisi kimi qiymətləndirilir.

Seçilən
55
azertag.az

1Mənbələr