Tbilisi, 15 dekabr, AZƏRTAC
Gürcüstanda dəmir yolu vasitəsilə daşınan yüklərin, dəmir yolu qurğularının və infrastrukturlarının mühafizəsi bundan sonra Gürcüstan Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Polisi İdarəsi tərəfindən həyata keçiriləcək. Bununla əlaqədar müvafiq qanunvericilik aktlarına dəyişikliklər edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze məlumat verib.
Onun sözlərinə görə, bu dəyişiklik dəmir yolunda daşımaların, eləcə də infrastrukturun müdafiəsini daha effektiv həyata keçirmək məqsədi daşıyır.
“Ölkəmiz üçün Gürcüstan Dəmir Yolu strateji əhəmiyyətə malikdir. Buna uyğun olaraq, dəmir yolunun istifadəsində olan yük və obyektlər yüksək effektiv mühafizə tələb edir. Artıq bu funksiyanı özəl təhlükəsizlik şirkətləri deyil, Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Polisi Departamenti həyata keçirəcək”, – deyə Aleksandre Daraxvelidze bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi