AZ

Fəridə Cəlilova: Azərbaycan dramaturgiyasının səhnədə yenilənmiş yola ehtiyacı var

Bakı, 15 dekabr, Günel Alıyeva, AZƏRTAC

Müasir dünya dramaturgiyası Azərbaycan səhnəsində geniş işıqlandırılmır. Düzdür, son illərdə teatrlarımız Lars Nuren, Martin MakDonah, Klim (Vladimir Klimenko) kimi müasir dünya dramaturqlarının əsərlərinə müraciət edib. Amma, bütövlükdə, milli dramaturgiya nümunələrinə teatrların səhnəsində daha çox rast gəlirik. Bunun səbəblərindən biri həm də tərcümə problemləri ilə bağlıdır. Müasir xarici dramaturqların əsərlərinin tərcümə olunaraq tamaşaya hazırlanması üçün icazə alınmalı, müəllif hüquqlarının qorunmasına əməl olunmalıdır.

Müasir Azərbaycan dramaturgiyasındakı tendensiyalardan danışdığımız zaman isə son illərdə teatr üçün yazan dramaturqların olması bizi sevindirir. Yəni uzun illər səhnə üçün əsərlər yazan və hazırda da fəaliyyət göstərən Elçin, Kamal Abdulla, Afaq Məsud, Əli Əmirli kimi tanınmış adlarla yanaşı, İlqar Fəhmi, İsmayıl İman, Ülviyyə Heydərova, Jalə İsmayıl, Şəbnəm Xeyrulla kimi dramaturqların əsərlərinə də teatrlar böyük maraq göstərməyə başlayıblar. Sadaladığım dramaturqların yaradıcılığı bir-birindən həm üslub baxımından fərqlənir, həm də maraq dairəsi baxımından. Bu gün Azərbaycan dramaturgiyasında “Casus”, “Gülçöhrə və Əsgər” (Kamal Abdulla) kimi dekonstruksiya, “Yeddinci” (İlqar Fəhmi) kimi intellektual, “Əziz ata” (İsmayıl İman) kimi psixoloji tendensiyalarla yanaşı, ibrətamizliyə meyil edən pyeslər – “Xala” (Aydın Talıbzadə), “Balidən sonra” (İsmayıl İman) də var ki, onların bir çoxu səhnəyə yol tapa bilmir.

Fəridə Cəlilova xatırladır ki, bu gün klassik milli dramaturgiya ənənəsindən söz düşəndə, ilk növbədə, M.F. Axundzadənin pyesləri yada düşür. Onun sözlərinə görə, Axundzadə dramaturgiyanın əməli təbiətini duyur, pyesin dövrünün aktual problemləri ilə bağlı olmasının, eyni zamanda, hərəkət, canlılıq və yumor mühitində təqdim edilməsinin vacibliyini anlayır, yorucu moizəçilikdən uzaq duraraq şən anturajda təqdim edə bilirdi. Əgər bu formuldan, yəni hərəkət, aktuallıq və moizə tonundan maksimum məsafə prinsiplərindən hər hansı biri əskik olarsa, tamaşaçı darıxmağa başlayır və teatr öz auditoriyasını itirir.

Yeniliyə gəldikdə, yeni dramaturgiyanın yaranması üçün yeni baxışlı insan lazımdır – həm dramturq, həm də tamaşaçı qismində yeni insan. Hər yeni dövrün öz dramaturgiyası yaranmalıdır. Unutmayaq ki, dramaturgiya digər ədəbi növlərdən məhz dəyişikliklər haqqında və dəyişikliklər üçün əsərlər yaratması ilə seçilir – ən pis halda, pyes qəhrəmanı da olmasa, oxucu və tamaşaçın dəyişdirməlidir.

Dramaturgiyanın inkişafı üçün əsərlərin səhnəyə yol tapa biləcəyinə inam lazımdır. Bu mexanizmin yenidən işlənib hazırlanmasına ehtiyac var. Görünür, köhnə mexanizmlər işə yaramır. Əslində, son zamanlar populyarlaşan dramaturgiya festivalları da bu yolda ilk addımlar sayıla bilər.

Yeniliklər barədə düşüncələrini bölüşən teatrşünas vurğulayır ki, yeni dramaturgiyanın yaranması üçün həm müəllif, həm də tamaşaçı kimi yeni baxışa malik insan lazımdır.

Teatrşünas ayrıca olaraq aktuallıq məsələsinə də toxunur. Onun sözlərinə görə, müasir mövzular Azərbaycan dramaturgiyasında nisbətən zəif təmsil olunur. Ailə-məişət problemləri, tənhalıq, sağlam həyat tərzinin təbliği kimi mövzulara teatrlar hələ o, tələbə olduğu illərdən müraciət edir və bu tendensiya bu gün də davam edir. Son illərdə bu sıraya müharibə mövzusu və repressiya qurbanlarının xatirəsinin yad edilməsi də əlavə olunub. Lakin Fəridə Cəlilovanın vurğuladığı kimi, aktuallıq yalnız “əhəmiyyətli” mövzularla məhdudlaşmır; eyni zamanda, zamanın və cəmiyyətin daxili ehtiyacından doğan, həqiqətən danışmaq istədiyimiz mövzuları da əhatə edir.

“Pyes, ilk növbədə, səhnə üçün yazılmış əsərdir. Bu səbəbdən dramaturgiyanın inkişafı təkcə təşkilati deyil, həm də yaradıcılıq mühitinin formalaşdırılmasını tələb edir”, - deyə o qeyd edir. Bu kontekstdə o, müzakirələrlə müşayiət olunan pyes oxunuşları ilə bağlı tədbirlərin sayının artmasını sevindirici hal hesab edir. Onun fikrincə, bu cür təşəbbüslər dramaturgiyaya marağın yüksəldiyini göstərir və canlı peşəkar mühitin formalaşmasına xidmət edir.

Həmsöhbətimizin sözlərinə görə, bu ənənənin əsası Yuğ Teatrında qoyulub, daha sonra 2023-cü ildə “Lyubimovkanın əks-sədası Bakıda” Müstəqil Dramaturgiya Festivalı çərçivəsində davam etdirilib. 2024-cü ildə isə “CHARACTERS” Müasir Dramaturgiya Festivalı təşkil olunub və burada iştirakçıların pyeslərinin oxunuşları gerçəkləşdirilib. Festivalda təqdim edilən bəzi pyeslər sonradan teatr səhnələrində tamaşaya qoyulub.

“Ümid edirik ki, bu cür planlı və ardıcıl təşəbbüslər gənclər arasında dramaturji əsərlər yazmaq istəyini daha da gücləndirəcək”, - deyə Fəridə Cəlilova bildirib. O vurğulayıb ki, gənclərdə teatr üçün mətn yazmağa real maraq oyatmaq üçün, ilk növbədə, onlara yaxşı tamaşalar göstərilməlidir. Yalnız səhnədə izlədiyi tamaşanın sehrinə düşən insan teatr üçün əsər yazmağa başlaya bilər.

Seçilən
86
azertag.az

1Mənbələr