Bakı, 15 dekabr, Pərvanə Qafarova, AZƏRTAC
Azərbaycanda idxal zamanı digər istiqamətlərdə olduğu kimi, qida məhsullarına münasibətdə də risk əsaslı nəzarət sistemi tətbiq olunur.
Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyəti sədrinin müavini Ramazan Nəbiyev deyib.
“Belə ki, yüksək riskli məhsulların ən çox 34 faizi, orta riskli məhsulların ən çox 17 faizi, aşağı riskli məhsulların isə ən çox 12 faizi fiziki nəzarətə, yəni laborator müayinələrə cəlb olunmaqdadır. Bununla belə, bayaq da qeyd etdiyim kimi, yüksək riskli olmayan məhsullara münasibətdə tələb olunan sənədlərin dairəsi də daha azdır. Beləliklə, idxal zamanı qida təhlükəsizliyi nəzarəti məhsulların təhlükəsizliyini təmin etmək məqsədilə bu məqsədə mütənasib təşkil olunan risk əsaslı sistem vasitəsilə həyata keçirilir. Bildirdiyim kimi, yalnız yüksək riskli məhsullar istehsal edilən müəssisələrdə qida təhlükəsizliyi tələbləri üzrə qiymətləndirmələr aparılmaqla onların təsdiqi həyata keçirilir. Təsdiq həm yerli, həm də xarici ölkələrdə yerləşən müəssisələrə münasibətdə tətbiq olunur. Ölkəmizə idxal edilən yüksək riskli məhsulların istehsal edildiyi obyektlərdə də bu qiymətləndirmə həyata keçirilməklə onlar təsdiq edilir. Təsdiq edilən bütün müəssisələrlə bağlı məlumatların reyestri aparılaraq elan olunur. Bu qiymətləndirmələr yerində, o cümlədən videoinspeksiya formatında həyata keçirilir”, - deyə Ramazan Nəbiyev əlavə edib.
O vurğulayıb ki, qanunvericilikdə nəzərdə tutulan tənzimləmə alətlərindən biri də təsdiq sisteminin ekvivalentliyinin tanınması mexanizmidir: “Belə ki, ticarət dövriyyəsi zamanı müəyyən edilmiş uyğunsuzluqların statistikası, xarici ölkənin qida təhlükəsizliyi sisteminin, o cümlədən yoxlama və nəzarət sistemlərinin Kodeks Alimentarius Komissiyasının və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının standartlarına və Azərbaycanda tətbiq edilən sistemlə uyğunluğu nəzərə alınmaqla xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyi tanınır. Ekvivalentliyi tanınan ölkələrdə fəaliyyət göstərən yüksək riskli məhsulların istehsalı obyektlərinə münasibətdə yerində və ya videoinspeksiya formatında qiymətləndirmə aparılmadan onların təsdiqi birbaşa təmin olunur ki, bu da ticarət tərəfdaşı olan ölkələrlə əməkdaşlığın genişləndirilməsinə xidmət edir”.