Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Azərbaycanın BMT-nin Əhali və İnkişaf Komissiyası (CPD) və Sosial İnkişaf Komissiyasına (CSocD) üzv seçilməsi bir neçə strateji ölçüdə qiymətləndirilməlidir. İlk növbədə bu fakt ölkənin beynəlxalq sistemdə sosial-iqtisadi gündəlik üzrə qərarların hazırlanmasında iştirakçıdan müşahidəçi statusuna yox, formalaşdırıcı aktor statusuna yaxınlaşdığını göstərir”. Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.Onun sözlərinə görə, sözügedən komissiyalar ECOSOC-un funksional orqanları olaraq BMT-nin sosial siyasət arxitekturasının intellektual və normativ bazasını müəyyənləşdirir:“Bu üzvlük Azərbaycana qlobal sosial siyasətin əsas istiqamətləri – demoqrafik proseslər, miqrasiya axınları, inklüziv inkişaf, sosial bərabərlik və dayanıqlı sosial institutların qurulması mövzularında mövqeyini sistemli şəkildə ifadə etmək imkanı yaradır. Xüsusilə post-münaqişə dövründə bərpa, reinteqrasiya, məcburi köçkünlərin sosial adaptasiyası kimi sahələrdə Azərbaycanın təcrübəsi BMT platformasında praktiki nümunə kimi təqdim oluna bilər. Bu isə humanitar və sosial diplomatiya baxımından ölkənin əlini gücləndirir. Xarici siyasət müstəvisində bu təmsilçilik Azərbaycanın “təhlükəsizlik mərkəzli” imicini “insan mərkəzli inkişaf” diskursu ilə tamamlayır”. O qeyd edib ki, bu balans ölkəyə Qlobal Cənub ölkələri, eləcə də sosial gündəliyə həssas yanaşan beynəlxalq tərəfdaşlarla yeni əməkdaşlıq imkanları açır:“Azərbaycanın regional təşəbbüslərini qlobal çərçivəyə daşımaq və normativ sənədlərə dolayısı təsir göstərmək potensialı artır. Digər mühüm məqam beynəlxalq etimad faktorudur. Sosial inkişaf və əhali siyasəti sahələri siyasi manipulyasiyaya açıq mövzular hesab olunur və bu strukturlara seçilmək üzv dövlətin idarəçilik, hesabatlılıq və institusional dayanıqlıq göstəricilərinin qəbul edildiyini göstərir. Bu isə Azərbaycanın beynəlxalq təşkilatlar daxilində mövqelərinin möhkəmlənməsinə, gələcək seçkilərdə və təşəbbüslərdə daha rahat dəstək toplamasına şərait yaradır. CPD və CSocD üzvlüyü Azərbaycanın xarici siyasətində yeni xətt deyil, mövcud kursun daha dərin və institusional mərhələyə keçididir. Bu platformalar ölkəyə həm milli prioritetlərini qlobal gündəliklə uzlaşdırmaq, həm də beynəlxalq sosial siyasətin formalaşmasında aktiv iştirak etməklə uzunmüddətli diplomatik təsir imkanlarını genişləndirmək fürsəti verir”.Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.