AZ

Əmək qanunvericiliyində dəyişikliklər: işçi hüquqlarının gücləndirilməsinə yönələn yeni yanaşmalar

Bakı, 15 dekabr, AZƏRTAC

Əmək qanunvericiliyində edilən dəyişikliklər təkcə hüquqi terminlərin yenilənməsi deyil, eyni zamanda, dövlətin işçi-işəgötürən münasibətlərinə yanaşmasını əks etdirən mühüm göstəricidir. Son dövrdə müzakirəyə çıxarılan və qəbul edilən düzəlişlər əmək münasibətlərində daha çox şəffaflıq, hüquqi müəyyənlik və insan amilini nəzərə alan yanaşmanın formalaşdırılmasını hədəfləyir. Xüsusilə əmək müqaviləsinə xitam, işçinin iradəsinin formalaşması və əmək qabiliyyətinin itirilməsi ilə bağlı normaların yenilənməsi beynəlxalq əmək standartlarına uyğunlaşma baxımından diqqət çəkir.

Bu fikirləri insan resursları üzrə ekspert Aytən Şıxalıyeva AZƏRTAC-a açıqlamasında söyləyib.

“Qüvvədə olan əmək qanunvericiliyinə əsasən, əmək məzuniyyəti dövrü üçün ödənilən məbləğ istisna olmaqla digər hallarda işçiyə ödənilən orta aylıq əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəminin həmin aylardakı iş günlərinin sayına bölünməsi və alınan birgünlük məbləğin hesablanacaq iş günlərinin sayına vurulması yolu ilə müəyyən edilirdi. Praktikada isə bu yanaşma hər zaman işçinin xeyrinə olmurdu. Belə ki, işçinin həmin dövrdə qismən ödənişli sosial məzuniyyətdə və ya ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma hallarının mövcudluğu birgünlük əməkhaqqının daha aşağı hesablanmasına səbəb ola bilirdi. Məhz bu qeyri-bərabərliyi aradan qaldırmaq məqsədilə qanun layihəsinə düzəliş təklif edilib. Yeni yanaşmaya əsasən, qeyd olunan hallarda işçinin orta aylıq əməkhaqqı ilə hesablanmış birgünlük əməkhaqqı məbləği sonuncu birgünlük əməkhaqqından az olduğu təqdirdə, hesablanma sonuncu birgünlük əmək haqqı əsasında aparılacaq. Bu dəyişiklik işçinin maliyyə maraqlarının qorunmasına yönəlmiş mühüm addım kimi dəyərləndirilir”, - deyə o əlavə edib.

Ekspert qeyd edib ki, əmək məzuniyyətləri ilə bağlı daha bir mühüm dəyişiklik xüsusi xidmətləri olan işçiləri əhatə edir. Qüvvədə olan Əmək Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarına, Azərbaycanın Milli qəhrəmanlarına, Sovet İttifaqı qəhrəmanlarına, Azərbaycan Respublikasının ən yüksək təltifi, “İstiqlal” ordeni, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı dövlət təltifləri ilə təltif olunmuş şəxslərə əmək məzuniyyəti 46 təqvim günündən az olmayaraq verilirdi. Bu kateqoriyaya, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış, döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilər daxil edilir. Dəyişiklik sosial ədalət prinsipinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Ekspert bildirib ki, qanun layihəsində hamiləlik və doğuşla bağlı məzuniyyətlərə də qismən dəyişikliklər edilib. Belə ki, Əmək Məcəlləsinin 125-ci maddəsinə edilən əlavəyə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsi doğuşun faktiki baş verdiyi günədək ödənişli şəkildə uzadılır və bu halda məzuniyyətin doğuşdan sonrakı 56 günlük hissəsi azaldılmır. Bununla yanaşı, beynəlxalq əmək standartlarına uyğun olaraq “atalıq məzuniyyəti” anlayışının Əmək Məcəlləsinə daxil edilməsi təklif olunur. Yeni qaydalara əsasən, uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olmaqla 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək. Mövcud qanunvericilikdə bu hüquq yalnız ödənişsiz məzuniyyət formasında nəzərdə tutulurdu.

“Əmək məzuniyyətləri ilə bağlı digər dəyişiklik məzuniyyətin başqa vaxta keçirilməsi mexanizminin bir qədər sərtləşdirilməsidir. Məqsəd məzuniyyətlərin uzun müddət yığılmasının qarşısını almaq və işçilərin istirahət hüququnun real təmin edilməsidir.

Yeni qaydalara əsasən, işəgötürən tərəfindən yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq edildikdən sonra işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə uyğun istifadə etmədikdə və ya məzuniyyətin başqa vaxta keçirilməsi ilə bağlı yazılı müraciət təqdim etmədikdə, işəgötürənin əmri ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndəriləcək. Başqa sözlə, işçi ya razılaşdırılmış cədvələ uyğun məzuniyyətdən istifadə etməli, ya da rəsmi müraciət etməlidir, əks halda məzuniyyət işəgötürənin qərarı ilə rəsmiləşdiriləcək”, - deyə mütəxəssis bildirib.

 

Seçilən
40
azertag.az

1Mənbələr