Sorğu göstərir ki, cəbhə xəttinin dondurulması mümkün hesab edilsə də, ərazi itkisi və təhlükəsizlik zəmanəti olmadan ordunun məhdudlaşdırılması qəbuledilməzdir hesab olunur...
Poliqon xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KBSSİ) keçirdiyi sorğunun nəticələrinə əsasən, Ukrayna cəmiyyətinin böyük əksəriyyəti istənilən sülh razılaşması çərçivəsində ciddi güzəştlərə qarşıdır. Respondentlərin 72 faizi mövcud cəbhə xəttinin dondurulmasını və müəyyən kompromisləri ehtiva edən razılaşmaya prinsipial olaraq hazır olduqlarını bildirib. Bununla yanaşı, sorğuda iştirak edənlərin 75 faizi Rusiyanın xeyrinə olan, Ukraynanın ərazi güzəşti etməsini və ya ordusunun sayının aydın təhlükəsizlik zəmanətləri olmadan məhdudlaşdırılmasını nəzərdə tutan planları “tamamilə qəbuledilməz” adlandırıb.
KBSSİ-nin icraçı direktoru Anton Hruşetskinin sözlərinə görə, son aylarda ABŞ-nin artan təzyiqləri fonunda bu məsələ ilə bağlı ictimai rəy əsasən sabit qalıb. Sorğu nəticələri göstərir ki, ukraynalıların 63 faizi mübarizəni davam etdirməyə hazırdır və cəmi 9 faiz müharibənin 2026-cı ilin əvvəlinə qədər başa çatacağını düşünür.
Eyni zamanda, ABŞ-yə etimad səviyyəsi kəskin şəkildə azalıb: hazırda respondentlərin yalnız 21 faizi Vaşinqtona güvəndiyini deyir. Müqayisə üçün, ötən ilin dekabrında bu göstərici 41 faiz idi. NATO-ya etimad da eyni dövrdə 43 faizdən 34 faizə enib.
Sorğu həmçinin göstərib ki, iştirakçıların cəmi 9 faizi döyüş əməliyyatları başa çatmadan seçkilərin keçirilməsini istərdi. Araşdırmada Prezident Volodimir Zelenskiyə etimad məsələsinə də toxunulub. Hruşetskinin sözlərinə görə, ötən ay baş verən iri korrupsiya qalmaqalından sonra etimadın azaldığı ehtimal olunsa da, Andrey Yermakın vəzifədən uzaqlaşdırılmasından və ABŞ tərəfindən yeni təzyiqlərdən sonra bu göstərici yenidən 61 faiz səviyyəsinə qayıdıb.
Poliqon.info