Dünən axşamüstüyə qədər çoxlarını belə bir sual düşündürürdü ki, görəsən, Qurban Qurbanov bu qədər tənqid və təzyiqdən sonra Nəriman Axundzadəni «Araz-Naxçıvan»la oyunda yada salacaqmı?
Nəinki yada saldı, adamı start heyətinə daxil etdi və sonadək meydanda saxladı.
O da ki, vurduğu bir qolla böyükhesablı qələbədə pay sahibi oldu. Nəriman fərqlənincə, bütün komanda yoldaşları ona tərəf axışdı.
Səbəbkarı öpən kim, qucaqlayan kim, başını və belini tumarlayan kim… Hamı bir yolla 21 yaşlı hücumçuya qahmar çıxdı.
Bu, gözəl nümunədir, təsirli səhnədir. «Qarabağ»ın futbolçuları isbatladıdar ki, hamı bir nəfər kimi Nərimanın yanındadır.
Gərək o da bundan sonra daha məsuliyyətli və ciddi olsun, «Ayaks»la qarşılaşmadakı tora biabırçı toxunuşlarını unutdursun.
Məlum hadisə hər mənada Axundzadəyə dərs olmalı, xarakter baxımından bərkitməli və böyütməlidir.
Futboldur bu: bir gün təriflənirsən, bir gün tənqidə məruz qalırsan. Əlbəttə, o boyda təzyiq dalğasından mental olaraq «sağ çıxmaq» çox əziyyətlidir, müşküldür.
Eyni zamanda, «Ayaks»la oyundakı tribuna basqısının təkrarlanmaq ehtimalını gözünün önünə alaraq, daim çalışması, səhvlərini analiz etməsi, onları aradan qaldırması mütləqdir.
Azarkeşin nəzərindən düşməkdən, mənfi obraz kimi qalmaqdan pis heç nə yoxdur.
Tribunadakı «12-ci oyunçu»nun «qara dəftər»inə adını yazdıran hər meydan oyunçusu hələm-hələm oradan çıxa bilmir.
Nəriman gərək ki, bunu anlaya.
MUSA