AZ

Azərbaycan sosial sahədə dünyaya təqdim edə biləcəyi çoxsaylı uğurlu nümunələrə malikdir - MÜSAHİBƏ

Bakı, 15 dekabr, Vüqar Qurbanoğlu, AZƏRTAC

Azərbaycan sosial sahədə dünyaya təqdim edə biləcəyi çoxsaylı uğurlu nümunələrə malikdir. “ASAN Xidmət” modeli artıq bir çox ölkələr, o cümlədən Afrika dövlətləri ilə paylaşılmış nümunəvi təcrübədir və regionlararası əməkdaşlıq üçün çox dəyərli modeldir.

Bu fikirləri Birləşmiş Millətlər Təşkilatının Cənub-Cənub Əməkdaşlıq Ofisinin direktoru Dima Əl-Xətib AZƏRTAC-a müsahibəsi zamanı bildirib. Müsahibəni təqdim edirik.

- Cənub və üçtərəfli əməkdaşlıq Azərbaycanının COP29 gündəliyi, eləcə də Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə təmiz enerji əlaqəliliyi kimi genişmiqyaslı regional enerji keçidi təşəbbüslərini necə dəstəkləyə bilər?

- Sualınız üçün təşəkkür edirəm. Bu təşəbbüs Azərbaycan tərəfindən COP29 çərçivəsində Bakıda elan olunub və dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin gündəliyində gücləndirilməsi vacib olan mühüm prioritetlərdən biridir. Dənizə çıxışı olmayan ölkələr üzrə yaxınlarda Türkmənistanda keçirilmiş konfransda infrastruktur əlaqəliliyi və iqlim dəyişikliklərinə uyğunlaşma kimi bir sıra əsas istiqamətlər vurğulanıb. Bu istiqamətlər Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüsə də birbaşa uyğun gəlir. Konfransdakı müzakirələr sübutlara əsaslanan yanaşma ilə göstərdi ki, regional əməkdaşlıq həm milli məqsədlərə daha sürətli nail olunmasına, həm də ümumi regional nəticələrin əldə edilməsinə ciddi müsbət təsir göstərir. Bu, investisiya, hüquqi çərçivə, siyasət formalaşdırılması və təşəbbüslərin uzunmüddətli dayanıqlığı baxımından qarşılıqlı öyrənmə imkanlarını gücləndirir.

- Yaşıl Dəhliz Alyansı Mərkəzi Asiya və Cənubi Qafqazda bərpaolunan enerji şəbəkələrinin inteqrasiyası və yaşıl infrastruktur layihələrinin sürətləndirilməsinə xidmət edir. BMT-nin Təhlükəsizlik və Müdafiə Komissiyası (UNOSSC) bu kimi çoxölkəli təşəbbüslərdə müxtəlif milli prioritetləri necə uzlaşdıra bilər ki, uzunmüddətli siyasi uyğunluq və davamlılıq təmin olunsun?

- UNOSSC bunun üçün özündə mövcud olan müxtəlif platformalardan geniş şəkildə istifadə edə bilər. Biz ölkələr arasında təcrübə və ən yaxşı nümunələrin paylaşılmasını təmin edir, eləcə də BMT sisteminin hər bir ölkədəki mövcudluğuna əsaslanaraq bu təşəbbüslərin milli inkişaf planlarına inteqrasiya olunmasına dəstək göstəririk. Bundan əlavə, institusional potensialın gücləndirilməsi, siyasət dialoqlarının təşkili, interhökumət mexanizmləri, həmçinin idarə etdiyimiz etimad fondları vasitəsilə maliyyə və texniki dəstək imkanlarını səfərbər etməyə tam hazırıq.

- 2026–2029-cu illəri əhatə edən yeni UNOSSC Strateji Çərçivəsi Yaşıl Dəhliz kimi regional iqlim və enerji platformalarına dəstəyi necə artıracaq?

- Regional inteqrasiya, regioniçi əməkdaşlıq və ən yaxşı təcrübələrin paylaşılması bizim yeni Strateji Çərçivəmizin əsas sütunlarından biridir. Bu yanaşma Azərbaycanın məqsədlərinə tam uyğundur. Azərbaycan xüsusilə sosial sahədə dünyaya təqdim edə biləcəyi çoxsaylı uğurlu nümunələrə malikdir. “ASAN Xidmət” modeli artıq bir çox ölkələr, o cümlədən Afrika dövlətləri ilə paylaşılmış nümunəvi təcrübədir və regionlararası əməkdaşlıq üçün çox dəyərli modeldir. Biz bu cür əməkdaşlıq nümunələrini regional platformalarda və regionlararası öyrənmə mexanizmlərində təqdim etməyə tam hazırıq.

- Digər regionlarda həyata keçirilmiş hansı uğurlu üçtərəfli əməkdaşlıq nümunələri bu regionda bərpaolunan enerji, rəqəmsallaşdırılmış enerji şəbəkələri və təmiz nəqliyyat kimi sahələrin inkişafına uyğunlaşdırıla bilər?

- Bir çox nümunələr mövcuddur. Lakin xüsusi olaraq birini qeyd etmək istərdim. UNOSSC-nin Koreya Respublikası ilə tərəfdaşlıq çərçivəsində dəstəklədiyi üçtərəfli əməkdaşlıq təşəbbüsü, Mekong çayı boyunca yerləşən dörd ölkədə su enerji qida ehtiyatlarının qarşılıqlı əlaqəsi. Bu təşəbbüsün ən böyük üstünlüyü həm milli, həm də regional səviyyədə fəaliyyət göstərən institutlarla əməkdaşlıqdır. Layihənin pilot mərhələdə əldə etdiyi nəticələrin ölkə miqyasında genişləndirilməsi və region daxilində paylaşılması üçün platformalar yaradılıb. Bu təcrübə icma səviyyəsində iştirakın təmin olunması, institusional əməkdaşlıq və elm texnologiyaya əsaslanan həllərin tətbiqi baxımından çox dəyərli dərslər təqdim edir. Koreya hökumətinin bu prosesdə rolu həmin yanaşmanın nə qədər faydalı olduğunu göstərir.

- UNOSSC ölkələr arasında texnologiya, bacarıq və praktiki təcrübə mübadiləsini necə dəstəkləyə bilər ki, yaşıl həllər idxal edilmiş və standartlaşdırılmış modellər kimi deyil, yerli ehtiyaclardan irəli gələn uyğunlaşdırılmış həllər kimi tətbiq olunsun?

- Biz bunun üçün müxtəlif mexanizmlərə malikik. Bilgi və təcrübə mübadiləsini təşviq edən bilik platformalarımız, geniş tədqiqat və analitik potensiala sahib düşüncə mərkəzləri şəbəkəmiz bu sahədə aparıcı rol oynayır. Eyni zamanda, üzv dövlətlərlə təşkil etdiyimiz siyasət dialoqları, BMT Baş katibi və UNDP Administratoru üçün hazırladığımız yüksək səviyyəli hesabatlar vasitəsilə əldə edilən dərsləri sistemləşdirərək paylaşırıq. Bu biliklər daha sonra etimad fondlarımız tərəfindən dəstəklənən yeni təşəbbüslərin formalaşdırılmasında tətbiq olunur. Məqsəd ölkələrə yerli kontekstə uyğunlaşdırılmış real ehtiyaclara cavab verən praktiki həllər təqdim etməkdir.

Seçilən
53
azertag.az

1Mənbələr