19 yaşlı Sübhan
Məmmədov Azərbaycan boksu tarixində altıncı dünya çempionu olub
BƏƏ-nin
Dubay şəhərində keçirilən IBA Dünya Çempionatında kişi boksçulardan ibarət Azərbaycan
milli komandası uğurla çıxış edib. Belə ki, özbəkistanlı mütəxəssis Ravşan
Xocayevin məşqçiliyi ilə komandamız mundialda
bir qızıl və iki bürünc medal qazanıb.
IBA-da
109 ölkə arasında Rusiya (7-5-1), Qazaxıstan (3-1-2) və Özbəkistandan (2-4-3)
sonra dördüncü yeri tutub. Sübhan Məmmədov
(48 kq) final döyüşündə Rusiyanı təmsil edən Edmond Xudoyan üzərində gözəl qələbə
əldə edərək çempionatın baş mükafatına layiq görülüb. Alfonso Dominqes (92 kq)
və Maqomed Abdullayev (+92 kq) isə bürünc medal qazanıblar.
Azerisport.com
saytının məlumatına görə, Sübhan Məmmədovun qızıl medalı ölkəmizin Dünya
Çempionatında qazandığı səkkizinci belə nailiyyət olub. Bundan əvvəl bu titulu
Ağası Məmmədov (2003), Maqomedrasul Məcidov üç dəfə (2011, 2013, 2017), Cavid Çələbiyev
(2013), Elvin Məmişzadə (2015) və Alfonso Dominges (2021) qazanmışdılar.
Beləliklə,
idmanımızın yeni ulduzu 19 yaşlı Sübhan Məmmədov Azərbaycan boksu tarixində
altıncı dünya çempionu olub.
Rizvan CƏFƏROV,
“Azərbaycan”