AZ

Gənclərin formalaşmasında sosial şəbəkələr güclü təsir imkanına malikdir – ekspert

Bakı, 15 dekabr, AZƏRTAC

Gənclərin sosiallaşması və formalaşması ailə, bağça və məktəb kollektivləri ilə yanaşı, sosiallaşma institutlarından asılıdır.

Bunu AZƏRTAC-a açıqlamasında sosial məsələlər üzrə ekspert, sosioloq Üzeyir Şəfiyev söyləyib.

“Hesab edirəm ki, gənclərin sosiallaşmasında ailədən və məktəbdən də daha güclü təsir imkanına malik olan məhz sosial şəbəkələr və media platformalarıdır. Çünki söhbət məhz Z nəsil olan gənclərdən gedir. Bu nəsil də ən çox sosial şəbəkələrin təsirindədir. Biz sosial şəbəkələrin qarşısını almaq, qadağan etmək, ləğv etmək düşüncəsindən uzağıq. Çünki bu qlobal, bir trenddir”, - deyə müsahibimiz bildirib.

Ekspertin fikrincə, gənclərin sosiallaşması üçün sağlam mühit olmalıdır: “Biz gənclərə dəyərlərimizi ötürmək üçün, ilk növbədə, ailənin sağlam mühitdə formalaşmasına, ailədə milli dəyərlərin qorunmasına çalışmalıyıq. Məqsəd Azərbaycan ailəsinin sağlam olmasıdır. İkinci bir məqam isə odur ki, bağçalarda və məktəblərdə uşaqlar sağlam mühitdə formalaşmalıdır, çünki ailədə və ya cəmiyyətdə yaranan travmalar onları ömür boyu müşayiət edir və xarakterlərinə mənfi təsir edir”.

O qeyd edib ki, medianın da sağlam olması başlıca şərtlərdəndir. Əsas məsələ odur ki, əcnəbi, yabançı tərzlər mediamıza sızmasın. Bir sözlə, orta və yaşlı nəsil gənclərə nə ötürəcəksə, gənclər də onu daşısın.

“Bizim mənəvi-əxlaqi dəyərlərimizi sarsıdan, ölkəmiz əleyhinə təbliğat aparan şəxslərə sosial şəbəkələr vasitəsilə gənclərimizə mənfi təsir göstərməyə imkan verilməməlidir. Məsələn, Avstraliyada, Almaniyada sosial xidmət operatorları ilə hökumət arasında müqavilə bağlanıb ki, belə paylaşımlar daxil olmasın. Biz çalışmalıyıq ki, öz milli cizgi filmlərimiz çəkilsin, uşaq və yeniyetmələrin vətənpərvərlik ruhunda böyüməsi üçün bədii əsərlər işıq üzü görsün və milli-mənəvi dəyərlərimizi gənclərimizə ötürə bilək. Biz gənclərimizin məşğulluğu, təhsil səviyyəsinin artırılmasına çalışmalıyıq ki, onlar sağlam həyat tərzi keçirsinlər. Prezident İlham Əliyev gənclərə böyük dəyər verir - gənclər strategiyası, gənclər siyasəti bu gün prioritetlərdən biridir. Odur ki, gənclərin sağlam ruhda tərbiyə alması bizim strateji məqsədimiz olmalıdır”, - deyə Ü.Şəfiyev bildirib.

Seçilən
65
azertag.az

1Mənbələr