BAKI, 15 dekabr. TELEQRAF
Rusiyalı şahmatçıların beynəlxalq yarışlara tam şəkildə buraxılmasına qarşı çıxan ölkələrin adı bəlli olub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Şahmat Federasiyasının (RŞF) “Telegram” kanalında məlumat verilib.
Bunlar Ukrayna, Norveç, İngiltərə, Almaniya və daha üç ölkədən olan nümayəndələrdir. Sanksiyaların tam ləğvinin lehinə isə Qırğızıstandan Babur Tolbayev, Kubadan Karlos Rivero Qonsales, Şri-Lankadan Luksman Vicesurya, Kolumbiyadan Veymar Fernando Munyos Munyos, İrandan Şadi Paridar, Pakistandan Hanif Qureşi, Burkina-Fasodan Nikolas Karbonell, Uruqvaydan Enrike Səli və Yunanıstandan Georgios Makropulos çıxış ediblər.
FIDE Şurasının və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tövsiyələrinə əməl olunması təklifini FIDE-nin birinci vitse-prezidenti Vişvanatan Anand (Hindistan), eləcə də Keniyadan Bernard Vandjala, Azərbaycandan Mair Məmmədov, Barbadosdan Herbert Allan və Hindistandan Nitin Narang irəli sürüblər.
Nəticədə FIDE-nin Baş Assambleyasında rusiyalı şahmatçılara qarşı bütün məhdudiyyətlərin ləğvinin lehinə 61 nümayəndə, əleyhinə isə 51 nümayəndə səs verib. Bundan sonra iştirakçıların əksəriyyəti rusiyalı şahmatçıların neytral bayraq altında yarışlara buraxılmasını dəstəkləyib. Səsvermə ilə bağlı vəziyyətin əlavə müzakirə olunmasına ehtiyac yarandığı üçün yekun qərarın qəbulu təxirə salınıb.