AZ

Xocalı qatili "savaş mesajı" verdi

Xocalı qatili, Qarabağda ləğv edilmiş qondarma rejimin keçmiş “təhlükəsizlik şurasının” katibi Samvel Babayan Nikol Paşinyanın əleyhinə tənqidi açıqlamalar verib.

“Cebheinfo.az”-ın məlumatına görə, Samvel Babayan bu barədə özünün “Facebook” səhifəsində yazıb.

Hazırda İrəvanda gizlənən hərbi cinayətkar Azərbaycan-Ermənistan sülh prosesinə kölgə salan təxribatçı fikirlər səsləndirib.  

“Nikol Paşinyanın “Dağlıq Qarabağ” probleminə yanaşmaları çoxdan məlumdur. Lakin Almaniyadakı son açıqlaması ilə o, daha bir təhlükəli xətti keçərək, həll olunmamış “Dağlıq Qarabağ” problemindən danışanların yeni müharibə istədiyini bildirdi”, - Babayan belə deyib.

Sonra Samvel Babayan Qarabağdan könüllü köçmüş erməni sakinlərin guya zorla qovulmasına dair iddialar irəli sürüb və Nikol Paşinyanı onların  hüquqlarının pozulmasında ittiham edib.“Bundan başqa, o, ictimai şüuru manipulyasiya edərək “Dağlıq Qarabağ”dan zorla qovulmuş insanların geri qayıtmaq hüququnu Qarabağ hərəkatı ilə eyniləşdirib. 

Ona görə də “Dağlıq Qarabağ” problemindən danışanların yeni müharibə istədiyini iddia edəndə yanılmırsınız, əksinə, reallığı qəsdən təhrif edirsiniz. “Dağlıq Qarabağ xalqı”nın problemi həll olunmayıb. Bu, şüar deyil, faktdır. Bu, müharibə deyil, reallıqdır.

Həll olunmamış məsələlər barədə danışanlar müharibə istəmirlər. Müharibə laqeyd qalmış problemlərdən doğur. Qarşısı alınan problemisə partlamamış minadır.Həmçinin, “Dağlıq Qarabağ”dan olan “məcburi köçkün”lərə dəstək barədə danışarkən deməlisiniz: Bu məqsədlər üçün beynəlxalq tərəfdaşlardan nə qədər pul aldınız?

Bunu nəyə xərclədiniz? Nə üçün “Dağlıq Qarabağ”ın seçilmiş nümayəndələrinə bu vəsaitləri idarə etməyə yaxınlaşmağa icazə vermirsiniz?

İndi isə siyasətiniz haqqında. Siz “Artsax”ın Ermənistan olduğunu” bildirdiniz. Sonra isə - sizin “Dağlıq Qarabağ” xalqı adından danışıqlar aparmaq mandatınız yoxdur. 

Müharibəni taleyin ümidinə buraxdınız. Uduzdunuz. Təslim oldunuz. Bəli, sizin “Dağlıq Qarabağ”ın öz müqəddəratını təyin edən xalqı adından danışmaq səlahiyyətiniz yoxdur. Kiminsə siyasi zövqünü təmin etmək üçün onların məsələsini bağlamaq hüququnuz yoxdur. 

“Dağlıq Qarabağ xalqı” təbii hüquqlara malikdir. Heç bir müvəqqəti siyasi hesablamanın bu hüquqları məhdudlaşdırmaq, sövdələşmək və ya gizlətmək hüququ yoxdur. Həqiqət müharibəyə çağırış deyil. Həqiqət məğlubiyyəti qəbul etməkdən imtina etməkdir. Onu nə qədər susdurmağa çalışsanız da, qaçılmaz olaraq sual, tələb və məsuliyyət şəklində geri dönəcək”, - deyə Samvel Babayan bildirib.

Göründüyü kimi, Samvel Babayan münaqişənin və Qarabağ məsələsinin artıq bağlanmadığını, vaxtilə Qarabağda yaşamış ermənilərin öz müqəddaratını təyinetmə hüququna malik olduğuna dair şovinist iddialarla çıxış edir.

O, keçmiş “Dağlıq Qarabağ” probleminin guya həll olunmadığı barədə siyasi spekulyasiyalar edir. Diqqət çəkən məqamlardan biri isə Baş nazir Nikol Paşinyana qarşı loyal mövqeyi ilə tanınan Samvel Babayanın indi belə kəskin tənqidi münasibət sərgiləməsidir. 

Əslində, hələ Birinci Qarabağ müharibəsinin əvvəllərindən bu prosesin içərisində olan Samvel Babayan münaqişənin artıq başa çatdığını və mövcud status-kvonu dəyişməyin mümkün olmayacağını yaxşı bilir.

Babayan onu da anlayır ki, müharibəni yenidən başlaqmaq, erməniləri Qarabağa qaytarmaqla Azərbaycanda separatçılığı bərpa ermək Ermənistan üçün fəlakətli nəticələrə gətirib çıxara bilər. Ona görə də sülh prosesinin müsbət sonluqla başa çatması Ermənistan üçün yeganə çıxış yoludur.

Samvel Babayan Paşinyanı müharibəni uduzmaqda, təslimçilikdə ittiham etsə də, onun özünə ünvanlanacaq suallar var. 44 günlük müharibədə Samvel Babayan nə üçün döyüşməyib? 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusu Qarabağda antiterror əməliyyatı keçirəndə Samvel Babayan Xankəndidə olub. Amma nəyə görəsə, qaçmağı üstün tutub.

Ona görə də bu gün Babayanın Paşinyanı satqınlıqda, məğlubiyyətdə ittiham etməsi qeyri-ciddi səslənir. Ancaq Samvel Babayanın hazırkı mərhələdə Nikol Paşinyanı hədəf alaraq Qarabağ mövzusunu yenidən gündəmə gətirməsinin konkret səbəbi var. Babayan 2026-cı ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürmək və deputat mandatı qazanmaq niyyətindədir. 

Onun Qarabağ mövzusu ilə bağlı populist açıqlamaları ictimai rəyə hesablanıb. Samvel Babayan qarşıdakı seçkilərdə revançist müxalifətin qələbə şansının çox az olduğunun fərqindədir. Son rəy sorğuları da eks-prezidentlər Robert Köçəryanın və Serj Sarkisyanın reytinqinin xeyli aşağı olduğunu göstərir.

Ona görə də Samvel Babayan populist bəyanatlarla gündəmə gəlməklə əslində, keçmiş prezidentlərin elektoratını öz tərəfinə çəkməyə çalışır. Lakin Qarabağdan olan ermənilər arasında Samvel Babayana siyasi rəğbət yoxdur. Onu nə Köçəryanın, nə də Sarkisyanın tərəfdarları qəbul edir. 

Babayanın özünü Qarabağ ermənilərinin hüquqlarının “müdafiəçisi” kimi təqdim etmək cəhdləri də onları inandırmaq məqsədi daşıyır. Buna baxmayaraq, Babayanın seçkilərdə hər hansı uğur qazanacağı real görünmür. 

Seçilən
36
cebheinfo.az

1Mənbələr