AZ

Qışda məktəbli geyimi mübahisəsi:qızlara şalvar geyinmək olar, ya yox?

Bildiyimiz kimi, artıq qış fəslinə sayılı günlər qalıb və havalar getdikcə soyuyur. Bəzi məktəblərdə istilik sistemləri lazımi səviyyədə işləmədiyindən şagirdlər daha qalın geyinməyə məcbur qalırlar. Qış aylarında qız şagirdlər Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi vahid məktəbli geyim qaydalarına əsasən şalvar geyinə bilərlər.

Lakin bəzi məktəblərdə qızların şalvar geyinməsinə icazə verilmir. Elə ötən günlərdə sosial şəbəkələrdə yayılan bir videoda valideynlərin iddiasına görə, Sumqayıtda 39 saylı məktəbin direktoru qız şagirdlərə şalvar geyinməyi qadağan edib, geyinənləri isə dərsə buraxmır və bunu hər məktəbin öz daxili qaydalarının olması ilə əsaslandırıb.

Bəs bu nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirdi ki, əgər geyim forması Elm və Təhsil Nazirliyinin müəyyənləşdirdiyi vahid məktəbli geyiminə aiddirsə, şagirdi heç bir halda məktəbdən uzaqlaşdırmaq, dərsə buraxmamaq kimi qadağalar tətbiq oluna bilməz:

"Əgər belə bir hal tətbiq olunubsa, bu, birbaşa direktorun məsuliyyətini gündəmə gətirir. Amma yenə də qeyd etmək istəyirəm ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin aidiyyəti strukturları müvafiq araşdırma aparmalıdır. Şagirdin dərsə buraxılmaması sıradan bir hadisə deyil. Əslində bu, şagirddə müəyyən travmaların yaşanması, onun gərgin vəziyyətə salınması deməkdir. Əlbəttə ki, bu yolverilməzdir və bu kimi hallar məktəbə yaraşan davranış forması deyil.

Əgər şagird məktəbli formasında olduğunu iddia edirsə, amma həmin geyim nazirliyin müəyyənləşdirdiyi vahid məktəbli forması deyilsə, bu halda, təbii ki, müəyyən izahat və danışıqlar aparılmalıdır, şagirdlə bu istiqamətdə iş görülməlidir və mütləq şəkildə şagirdlərin məktəbə məhz vahid standart formayla gəlməsi təmin olunmalıdır".

Nuriyyə NATİQQIZI

Seçilən
36
1
redaktor.az

2Mənbələr