AZ

Dünya Türk Dili Ailəsi Günü tərcüməşünaslıqda yeni elmi-tədqiqat işlərinə təkan verəcək

İstanbul, 15 dekabr, Günel Karatepe, AZƏRTAC

UNESCO tərəfindən dekabrın 15-nin Dünya Türk Dili Ailəsi Günü kimi təsis edilməsi türkdilli xalqlar adına böyük tarixi hadisədir. Türk dünyası olaraq, biz ilk dəfə ortaq dilimizin dünya tərəfindən bir tarixi irs kimi qəbul edilməsinin sevincini yaşayırıq. Burada Bəxtiyar Vahabzadənin “Dünyada bir çox birliklər var, amma türk birliyi yox. İstərdim ki, dünyada vahid bir türk birliyi də yaradılsın” sözlərini xatırlatmaq istərdim. Çünki türk birliyi tarixboyu bizim ortaq amalımız olub. Dilimiz isə daima bu amalın mərkəzində yer alıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Bolu Abant İzzət Baysal Universitetinin müəllimi, dosent Leyla Əliyeva bildirib.

Bu təşəbbüsün dilçilik tədqiqatları, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın gücləndirilməsini hədəflədiyini qeyd edən Leyla xanım deyib: “15 dekabr tarixi VIII əsrə aid Orxan türk yazılı abidələrinin ilk dəfə şifrələrinin açılması baxımından Türk dünyası üçün olduqca əlamətdardır. Bu, türk sivilizasiyalarının ortaq mədəni və bədii zənginliyini simvolizə edən, xalqlar arasında mədəni yaxınlaşmanı və dialoqu təşviq edən tarixi bir gündür. Dünyada fərqli ləhcələrlə ana dilində, yəni türkcə danışan 300 milyona yaxın insan var. Bu, müxtəlif qitələrə yayılmış dil ailəsidir. Balkan ölkələrindən Çinə qədər çox böyük bir coğrafiyada insanlar türk dilində danışır. UNESCO vurğulayır ki, türk dil ailəsinə mənsub olan Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan türkcəsi təxminən 12 milyon kvadratkilometr ərazidə 200 milyondan çox insan üçün ana dilidir. Türk dili çox böyük dəyişikliklərə məruz qalsa da, dünyada ən çox danışılan dillərdəndir və bu gün dilimizin qorunması ilə bağlı elmi tədqiqatların daha da genişləndilriməsi, türk dillərinin qorunması üçün qlobal dialoqun inkişafını təşviq edəcək”.

O bildirib ki, sözügedən qərar tərcümə və tərcüməşünaslıqda da yeni elmi-tədqiqat işlərinə təkan verəcək. Azərbaycanda akademik Kamal Abdullanın layihəsi və rəhbərliyi ilə tərcüməşünaslıq sahəsində ilk Azərbaycan Tərcümə Ensiklopediyasının 2018-ci ildə birinci, 2022-ci də isə ikinci nəşri işıq üzü görüb. Bir neçə fəsildən ibarət bu ensiklopediyada Azərbaycan dili və Azərbaycan dilindən olunan tərcümələr haqqında məlumatlar, eyni zamanda, türk dilindən tərcümələrə də çox böyük yer verilib.

Seçilən
140
azertag.az

1Mənbələr