Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib ki, 2025-ci il vətəndaş cəmiyyəti üçün ümumilikdə çox uğurlu və yadda qalan il kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, il ərzində vətəndaş cəmiyyəti demək olar ki, bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə edib:
"Bir sıra beynəlxalq tədbirlərin həyata keçirilməsi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu proseslərdə fəal iştirakı, qarşılıqlı faydalı əməkdaşlıqların qurulması və memorandumların imzalanması xüsusi əhəmiyyət daşıdı. Xüsusilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının tarixdə ilk dəfə QHT platformasının yaradılması, Bakıda və Naxçıvanda tədbirlərin keçirilməsi və bu platformanın təsis olunması mühüm hadisə kimi yadda qaldı. Həmin platformanın sədri vəzifəsinə Azərbaycan QHT-lərini təmsil edən, eyni zamanda millət vəkili Azər Allahverənovun seçilməsi də vətəndaş cəmiyyəti üçün mühüm uğur oldu".
QHT sədri həmçinin bildirib ki, bu proseslərlə paralel olaraq, son illərdə ilk dəfə büdcə müzakirələri zamanı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin büdcəsinin müəyyən mənada artırılması müşahidə olundu:
"Xüsusilə COP29-dan sonra bu sahədə yüksələn xətt üzrə inkişaf tendensiyası formalaşdı. Bütün bunlar onu göstərir ki, qeyri-hökumət təşkilatları inkişaf edir və bu inkişaf vətəndaş cəmiyyəti üçün yeni imkanlar yaratmaqla yanaşı, yeni hədəflər və yeni məsuliyyətlər də müəyyən edir. Hələ 2024-cü ildə Zəngilan Əməkdaşlıq Forumunda, 2025-ci ildə isə Xankəndi Əməkdaşlıq Forumunda bir sıra mühüm məsələlər, hədəflər və yeni imkanlar müzakirə olunub, dəyərləndirilib. Bu müzakirələrdən irəli gələrək, həm milli, həm də beynəlxalq fəaliyyət proqramları formalaşdırılıb. Biz də həmin proqramlara uyğun olaraq bundan sonra fəaliyyətimizi daha yüksək səviyyədə qurmalı, Azərbaycanın vətəndaş cəmiyyətini həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə layiqincə təmsil etməliyik".