Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yaşayan sakinlər yolların bərbad vəziyyətdə olması ilə bağlı ciddi narahatlıqlarını bildirirlər.
NOCOMMENT.az -ın yerli bürosunun məlumatına görə, son günlər fasiləsiz yağan yağışlardan sonra qəsəbədaxili yollar tamamilə palçıq və lil təbəqəsi ilə örtülüb.
Sakinlərin sözlərinə görə, mövcud vəziyyət nəqliyyatın və piyadaların hərəkətini demək olar ki, mümkünsüz edib. Avtomobillər yollarla hərəkət edə bilmir, piyadalar isə evlərindən çıxmaqda çətinlik çəkirlər. Xüsusilə qeyd olunur ki, bu yollar birbaşa yaşayış evlərinin yanından keçir və yağışlı günlərdə insanlar faktiki olaraq çıxılmaz vəziyyətdə qalıblar.
Qəsəbə sakinləri bildirirlər ki, mövcud infrastruktur uzun müddətdir diqqətdən kənarda qalıb və yolların asfaltlanmaması hər yağıntıdan sonra eyni problemlərin təkrarlanmasına səbəb olur.
Palçıq, çala-çuxur və keçilməz yollar gündəlik həyatı çətinləşdirir, uşaqların məktəbə getməsi, yaşlıların və xəstələrin hərəkəti isə daha da müşkül vəziyyətə düşür.
Sakinlər aidiyyəti qurumlardan problemlə bağlı təcili tədbirlərin görülməsini, yolların abadlaşdırılmasını və qəsəbədə normal yaşayış şəraitinin təmin olunmasını xahiş edirlər.