Bakı, 15 dekabr, Elmir Səftərov, AZƏRTAC
UNESCO-nun 2025-ci il noyabrın 3-də Səmərqənddə keçirilən 43-cü Baş Konfransında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın birgə təşəbbüsü və geniş beynəlxalq konsensus çərçivəsində 15 dekabr tarixinin Dünya Türk Dili Ailəsi Günü kimi qəbul edilməsi türk dilinin qlobal mədəni irs daxilindəki statusunu institusional səviyyədə möhkəmləndirən tarixi bir mərhələ kimi qiymətləndirilməlidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Hacı Bayram Veli Universitetinin müəllimi, ekspert Şuay Nilhan Açıkalın söyləyib.
Onun sözlərinə görə BMT sistemi çərçivəsində mədəniyyət, təhsil və elmi normativ əsasda tənzimləyən UNESCO-nun bu qərarı, sadəcə, bir anım gününün təsis edilməsindən kənara çıxaraq, dilin mədəniyyət, kimlik və kollektiv yaddaşla qurduğu çoxqatlı münasibətin beynəlxalq müstəvidə tanınması anlamına gəlir. Bu kontekstdə türk dili ailəsinin UNESCO çətiri altında görünürlük (beynəlxalq səviyyədə daha çox tanınması) qazanması, Avrasiya coğrafiyasına yayılmış və 200 milyondan artıq insan tərəfindən danışılan köklü bir dil irsinin ümumbəşəri mədəni dəyər statusuna yüksəldilməsi kimi dəyərləndirilməlidir.
O bildirib ki, dekabrın 15-nin seçilməsi qərarın tarixi və dilçilik dərinliyini gücləndirən şüurlu simvolik seçimdir: ”Vilhelm Tomsenin 1893-cü ildə Orxon yazılarını beynəlxalq elmi ictimaiyyətə elan etdiyi bu tarix türk dilinin yalnız yaşayan bir ünsiyyət vasitəsi deyil, eyni zamanda, erkən dövr yazılı mənbələrə söykənən, davamlılıq göstərən bir sivilizasiya dili olduğunu elmi baxımdan təsdiqləyən dönüş nöqtəsinə işarə edir. Beləliklə, türk dili ailəsi şifahi mədəniyyətlə məhdudlaşan ifadə sahəsindən kənara çıxaraq tarixi sənədlər, yazı sistemləri və düşüncə dünyası ilə dəstəklənən köklü intellektual irsin daşıyıcısı kimi mövqeləndirilir. Qərarın Səmərqənd kimi Türk–İslam sivilizasiyasının tarixi mərkəzlərindən birində qəbul edilməsi isə məkan simvolizmi vasitəsilə keçmişlə gələcək arasında mənalı bir davamlılıq yaradır.”
“Bu hadisə, eyni zamanda, müasir mədəni diplomatiyanın çoxtərəfli və inklüziv xarakterini əks etdirən mühüm nümunədir. Ortaq dil və mədəni irs oxunda formalaşan bu təşəbbüs beynəlxalq sistemdə mədəni birliyin qarşıdurmaya deyil, sülhə və dialoqa əsaslanan təmsil imkanları yaratdığını nümayiş etdirir. Dünya Türk Dili Ailəsi Günü bu baxımdan təkcə Türk dünyasının mədəni vizyonunu artıran bir nailiyyət deyil, həm də UNESCO-nun çoxdilliliyi təşviq etmək, mədəni müxtəlifliyi qorumaq və qeyri-maddi mədəni irsi qlobal miqyasda yaşatmaq missiyası ilə güclü normativ uyğunluq təşkil edir”,-deyə Türkiyəli ekspert əlavə edib.