Polşa Ukraynaya 6-8 ədəd MiQ-29 döyüş təyyarəsi verməyi planlaşdırır. Vətəninfo.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin müavini Çesari Tomçik məlumat verib, xəbər RMF24-ə istinadən yayılıb.
Onun sözlərinə görə, söhbət Polşa ordusunda olan 14 MiQ-29 təyyarəsindən 6-8-dən gedir və bu təyyarələr dekabr ayının sonuna qədər ordunun balansından çıxarılacaq. Polşa Ukraynaya verəcəyi təyyarələrin qarşılığında isə Ukrayna pilotsuz uçuş texnologiyalarını əldə edəcək. Tomçik vurğulayıb ki, təyyarələrin verilməsi Polşanın müdafiə qabiliyyətinə təsir etməyəcək.
“Bu təyyarələr Polşa ordusunu dekabrın sonunda tərk edəcək. Onlar muzeyə gedə bilər, satıla bilər, metal üçün təhvil verilə bilər və ya Ukraynaya göndərilərək düşmənlərimizin məhv edilməsinə kömək edə bilər. Mənim fikrimcə, vəziyyət olduqca aydındır”, – deyə Tomçik bildirib.
Lakin təyyarələrin verilməsi ilə bağlı son qərar hələ qəbul edilməyib. Məsələ, Ukrayna Prezidenti Volodimir Zelenskinin 19 dekabrda Varşavaya gözlənilən səfəri zamanı müzakirə olunacaq.
Ekspertlərin fikrincə, Ukrayna Hərbi Hava Qüvvələrini modernləşdirmək üçün yeni təyyarələrin alınması, pilotların və texniklərin təlimi, həmçinin yeni hangarların və infrastrukturun yaradılması tələb olunacaq. Hazırda Ukrayna 150 ədəd JAS 39 Gripen E (Saab) və ya 100 ədəd Rafale (Dassault) təyyarəsinin alınmasını planlaşdırır.