Ayxan Abbasovun bir fikri var - «Şamaxı»nı Premyer Liqada saxlamaq vəzifəsinin öhdəsitndən bacardıqca tez gəlmək.
Bu məsələni aprel-may aylarına saxlamaq istəmir.
Həmin vaxt onu başqa bir iş gözləyir - millinin başında keçirəcəyi rəsmi yoldaşlıq oyunları və Millətlər Liqasının növbəti mövsümünə hazırlıq.
«Şamaxı» bu sezon ilkə imza atdı, ardıcıl iki turda qalibiyyət əldə etdi.
«Karvan»ı Yevlaxda udmaqları hardasa gözlənilən idisə, «Zirə» üzərində qələbə sürpriz oldu, açığı. «Şamaxı» bunu halal zəhmətlə, cəfa çəkərək qazandı.
Rəqibə yaxın oynayaraq, mövqe səhvlərinə az yol verərək, zona pressinqdən düzgün yararlanmaqla bacardı. Xüsusən ikinci hissəni aləm keçirdilər.
«Şamaxı» topladığı xalların sayını 20-yə çatdıraraq, orta sıralardakı mövqeyini bir qədər də möhkəmləndirdi.
Bundan sonrakı marafon hələ çox uzundur, lakin fikrimizcə, daha 5-6 xal kifayət edər ki, Premyer Liqada yerlərini qorusunlar.
İndi «Şamaxı»nın avrokuboklara vəsiqə şansı da yaranıb. Necə deyərlər, haradan hara!
Futbolda hər şey mümkündür, sadəcə, Ayxan Abbasovun dediyi sözə diqqət yetirməliyik - Avropaya getmək üçün geniş heyət və yaxşı heyət lazımdır.
Bunların isə heç biri isə bu klubda yoxdur.
Öz aramızdır da, bu qədər iddialı və imkanlı komanda qala-qala, acından günorta oyanan «Şamaxı»nın Biləcəridən o tərəfdə nə işi var axı.
KAMİL