“UNESCO-nun Hökumətlərarası Komitəsi tarixi qərar qəbul edərək gürcü buğda mədəniyyətini, onun ənənə və rituallarını bəşəriyyətin qeyri-maddi mədəni irsinin nümayəndə siyahısına daxil edib. Bu, genlərimizdə kodlaşdırılmış həqiqətin dünya səviyyəsində tanınmasıdır”.
Hafta.az yazır ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Baş nazirin sözlərinə görə, buğda minilliklər boyu gürcü kimliyinin, mənəviyyatının və həyat tərzinin ayrılmaz hissəsi olub.
“Bu gün Gürcüstan üçün xüsusi və qürurverici gündür. Nyu-Dehlidə UNESCO-nun Hökumətlərarası Komitəsi tarixi qərar qəbul edərək – “Gürcü buğda mədəniyyəti: ənənələr və rituallar”ı bəşəriyyətin qeyri-maddi mədəni irsinin nümayəndə siyahısına daxil edib. Gürcüstanda buğda heç vaxt yalnız qida olmayıb. O, minilliklər boyu kimliyimizin, mənəviyyatımızın və həyat tərzimizin ayrılmaz hissəsi olub. Gürcüstan buğdanın mənşəyinin ən qədim ocaqlarından biridir. Dünyada tanınan 20 buğda növündən 15-i məhz bizim torpaqlarımızda yetişir, onlardan 5-i isə endemikdir və yalnız gürcü torpaqlarında mövcuddur. Bu biomüxtəliflik əcdadlarımızın bizə miras qoyduğu canlı bir xəzinədir. Əsrlər boyu gürcü xalqı yorulmadan çalışıb, çörək bişirib və ailələrin möhkəmliyini qoruyan ənənələrə sadiq qalıb. Məhz bu zəhmətin nəticəsidir ki, bölgələrimizi bəzəyən unikal müxtəliflik formalaşıb və bu da, sonda, vahid və zəngin milli mədəniyyətimizin əsasını təşkil edir”, – deyə baş nazir bildirib.