İngiltərədə yayımlanan hesabat Britaniyalı müsəlmanların vətəndaşlığını itirmə riski ilə üz-üzə qaldığını ortaya qoyub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Hesabatda bildirilib ki, İngiltərədə təxminən 9 milyon nəfər vətəndaşlıqdan çıxarıla biləcək hüquqi statusa malikdir.
Hesabatda bu rəqəmin ölkə əhalisinin təxminən 13 faizinə bərabər olduğu və bu səlahiyyətlərin xüsusilə müsəlman əhalinin sıx yaşadığı icmalara qeyri-mütənasib şəkildə təsir göstərdiyi vurğulanır.
Mövcud tətbiqlərin xüsusilə Cənubi Asiya, Yaxın Şərq və Afrika mənşəli icmaları qeyri-mütənasib şəkildə təsir altına aldığı, bu səlahiyyətlərin müsəlman icmaları baxımından “sistemli təhdid” halına gəldiyi qeyd olunur.
Hesabatda bildirilir ki, qüvvədə olan qanunlara əsasən bir şəxsin başqa bir ölkənin vətəndaşlığını “əldə etmək hüququna malik ola biləcəyi” düşünülərsə, həmin şəxsin o ölkə ilə faktiki heç bir əlaqəsi olmasa belə, Britaniya vətəndaşlığı geri alına bilər. Pakistan, Banqladeş, Somali, Nigeriya, Şimali Afrika və Yaxın Şərqlə əlaqəsi olan şəxslərin ən riskli qruplar sırasında yer aldığı qeyd edilir.
Hesabata görə, ağdərili olmayan hər 5 nəfərdən 3-ü vətəndaşlıqdan çıxarılma riski altındadır, halbuki bu göstərici ağdərili britaniyalılar arasında 20 nəfərdə 1 səviyyəsindədir.