“Əhalinin maarifləndirilməsi və qanunsuz silahlı birləşmələrdə iştirakın cinayət məsuliyyətinə səbəb olduğu barədə məlumatlandırılması Azərbaycan vətəndaşlarının gələcəkdə məsuliyyətə cəlb olunmasının qarşısını ala bilər”.
Bunu Hafta.az-a hüquqşünas Vüqar Dadaşov bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukrayna ərazisində apardığı müharibəyə Azərbaycan vətəndaşlarının cəlb olunması həm hüquqi, həm də mənəvi baxımdan ciddi problem olaraq qiymətləndirilir.
Hüquqşünas qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi ədalətsiz və təcavüzkar xarakter daşıyır:
"Bu münaqişədə Azərbaycan vətəndaşlarının iştirakı mənəvi baxımdan düzgün hesab edilə bilməz. Çünki Azərbaycan torpaqlarının işğalı 30 ilə yaxın müddət ərzində Rusiyanın birbaşa dəstəyi ilə Ermənistan tərəfindən həyata keçirilmiş və uzun illər qorunmağa çalışılmışdır. Azərbaycan isə bu işğala qarşı ciddi qəhrəmanlıq göstərərək ərazilərin azad edilməsində böyük əziyyətlərə və itkilərə məruz qalıb. Bu baxımdan, hər bir Azərbaycan vətəndaşı üçün Rusiya-Ukrayna müharibəsində iştirakın mənəvi tərəfi mübahsəli məqamları doğurur. Bu vəziyyətin hüquqi tərəfi də aydındır. Belə ki, Rusiya xarici vətəndaşların müharibəyə cəlb olunmasını asanlaşdırmaq məqsədilə daxili qanunvericilikdə dəyişikliklər edib və bu şəxslərə Rusiya vətəndaşlığı, maddi kompensasiyalar və digər hüquqlar təqdim etmişdir. Bu isə yalnız Azərbaycana deyil, həmçinin Afrika, Orta və Mərkəzi Asiya ölkələrinin vətəndaşlarının da iştirakı üçün zəmin yaradıb. Lakin beynəlxalq hüquqa görə ədalətsiz və qanunsuz müharibələrdə iştirak qəti şəkildə qadağandır".
V.Dadaşov deyr ki, Azərbaycan vətəndaşlarının Rusiya tərəfindən Ukraynada aparılan müharibədə iştirakı həm beynəlxalq hüquqa, həm də Azərbaycan qanunvericiliyinə ziddir:
"Bu əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 114-cü maddəsində (muzdluluq), 279-cu maddəsində (qanunsuz silahlı birləşmələrdə iştirak) nəzərdə tutulub. Hər iki maddə ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir və müvafiq məsuliyyət nəzərdə tutur”.
Ekspert Azərbaycan vətəndaşlarının müharibədə iştirak etməsinin səbəblərinə də toxunub:
“Səbəblər müxtəlifdir. Bunlardan biri sosial-iqtisadi vəziyyətdir, xüsusilə 44 günlük müharibədən sonra insanların maddi təminatının zəif olmasıdır. Rusiya tərəfindən təklif edilən yüksək maddi təminatlar müəyyən şəxsləri cəlb edə bilər. Lakin bu, Azərbaycan qanunvericiliyi çərçivəsində məsuliyyəti aradan qaldırmır. Gələcəkdə bu cür halların qarşısını almaq üçün əhalinin müvafiq şəkildə maarifləndirilməsi mütləqdir".
Tahirə Qafarlı