AZ

Texniki baxış və qışa hazırlıq: Sürücüləri hansı xərclər gözləyir?

Azərbaycanda avtomobillərin texniki baxışı və qış mövsümünə hazırlıq prosesi həm hüquqi, həm də praktiki baxımdan sürücülər üçün vacib məsələlərdəndir.

Bu proseslərin necə aparıldığı ilə yanaşı, qiymətlərin hansı normalar əsasında formalaşması da ən çox maraq doğuran suallardandır.

Mövcud qanunvericiliyə əsasən, texniki baxış avtomobilin yol hərəkətində təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və dövlət tərəfindən müəyyən edilmiş texniki normalar üzrə həyata keçirilir. Baxış zamanı əyləc sistemi, sükan idarəetməsi, işıqlandırma və siqnal qurğuları, təkərlərin vəziyyəti, təhlükəsizlik kəmərləri, şüşələr, eləcə də mühərrikin ekoloji göstəriciləri yoxlanılır. Xüsusilə tullantı qazlarının normadan artıq olmaması əsas şərtlərdən biridir. Bu göstəricilər “Yol hərəkəti haqqında” qanuna və müvafiq normativ aktlara uyğun qiymətləndirilir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, texniki baxış üçün ödənilən məbləğ dövlət rüsumu hesab olunur və nəqliyyat vasitəsinin növünə görə dəyişir:

“Hazırda minik avtomobilləri üçün texniki baxış rüsumu təxminən 30 manat təşkil edir. Motosikletlər üçün bu məbləğ 20 manata yaxın, yük avtomobilləri üçün 50 manat, avtobus və sərnişin daşıyan iri nəqliyyat vasitələri üçün isə 60 manat civarındadır.

Qanunvericiliyə görə, bu rüsumdan əlavə texniki baxış məntəqələrində sürücüdən hər hansı əlavə ödəniş tələb olunmamalıdır. Lakin baxış zamanı nasazlıq aşkar edilərsə, həmin nasazlığın aradan qaldırılması üçün servis xərcləri sürücünün şəxsi vəsaiti hesabına həyata keçirilir”.

Ekspertin sözlərinə görə, qış mövsümünə hazırlıq isə texniki baxışdan fərqli olaraq məcburi deyil, lakin təhlükəsizlik baxımından olduqca vacibdir:

“Qışa hazırlıq zamanı antifrizin dəyişdirilməsi və ya yoxlanılması, akkumulyatorun vəziyyəti, soba və isitmə sistemi, şüşəsilənlər, işıqlandırma, həmçinin mövsümə uyğun şinlərin quraşdırılması əsas yoxlama istiqamətləridir. Bu xidmətlərin qiyməti vahid dövlət rüsumu ilə tənzimlənmir və əsasən servis mərkəzlərinin tariflərindən asılıdır.

Orta hesabla, sadə qışa hazırlıq paketi 30–50 manat arasında dəyişir. Antifrizin dəyişdirilməsi 15–25 manat, akkumulyatorun test edilməsi adətən 5–10 manat, qış təkərlərinin dəyişdirilməsi isə avtomobilin növündən asılı olaraq 20–40 manat təşkil edə bilər. Qış təkərlərinin alınması isə marka və ölçüyə görə hər biri üçün 80 manatdan başlayaraq daha yüksək məbləğlərə qədər yüksələ bilir”.

Cəfərov bildirir ki, sürücülər texniki baxış və qışa hazırlıq anlayışlarını bir-biri ilə qarışdırmamalıdır:

“Texniki baxış dövlət nəzarətidir və burada qiymətlər qanunla dəqiq müəyyən edilib, əlavə ödənişlər yolverilməzdir.

Qışa hazırlıq isə sürücünün öz təhlükəsizliyi üçün etdiyi investisiyadır və bu mərhələdə xərclərə qənaət etmək daha ciddi risklər yarada bilər.

Qış aylarında baş verən qəzaların əhəmiyyətli hissəsi məhz mövsümə uyğun olmayan şinlər və texniki baxımdan hazırlıqsız avtomobillərlə bağlı olur.

Texniki baxış üçün ödənilən 30–60 manatlıq rüsum və qışa hazırlıq üçün ayrılan nisbətən kiçik məbləğlər sonradan yarana biləcək daha böyük maddi zərərlərin və təhlükəsizlik problemlərinin qarşısını alır.

Bu baxımdan, həm texniki baxış, həm də qışa hazırlıq sürücülər üçün formal prosedur yox, real təhlükəsizlik tədbiri kimi qəbul edilməlidir”.

Seçilən
78
1
nocomment.az

2Mənbələr