“Komanda.az” saytının jurnalistlər arasında keçirdiyi sorğuya əsasən ilin ən yaxşı baş məşqçisi seçilən Qurban Qurbanov bu münasibətlə brifinq keçirib.
Publika.az xəbər verir ki, 18 ildir “Qarabağ”ı çalışdıran təcrübəli mütəxəssis 15-ci dəfə etimad göstərilməsinə görə hər kəsə təşəkkür edib:
“Hər birinizə təşəkkür edirəm. Düz 1 il əvvəl burada idim, bu mükafatı almışdım. 15-ci dəfə qalib olduğum üçün sevinirəm. Belə uğurlardan sonra məsuliyyətim bir az da artır. Hansısa uğur əldə etmişiksə, ən azından onu qoruyub saxlamağa çalışırıq. Bu il xüsusi il oldu. Çempionlar Liqasının Liqa mərhələsinə düşdük. Burada olmaq çox önəmli idi”.
Baş məşqçi təzyiq altında işləməyin ildən-ilə daha çətinləşdiyini qeyd edib:
“Günü-gündən daha da çətinləşir. Əvvəllər gənc idim, daha həvəsli idim. İndi həvəsli olmaqla bərabər məsuliyyət də artır. Heç də asan deyil. Çalışırıq ki, bacaraq”.