AZ

Kənddən şəhərə axın – İşsizliyin gizli səbəbləri

Bölgələrdə iş yerlərinin azlığı Azərbaycanın regionlarında mövcud olan əsas sosial-iqtisadi problemlərdən biridir; işsizlik, infrastrukturun zəif olması, əhalinin Bakıya axın etməsi və iqtisadi fəallığın aşağı olması kimi çətinliklər yaşanır.

Vakansiyalar az olsa da, sənaye, tibb, xidmət kimi müxtəlif sahələrdə işlər mövcuddur, lakin bu işlər adətən mövcud tələbatı tam ödəmir. Azərbaycanda illərdir regionların inkişafı ilə bağlı müxtəlif proqramlar hazırlanır, strateji planlar qəbul olunur. Amma real həyatda bu planların çoxunun nəticəsi görünmür.

Əksər bölgələrdə insanlar ya iş tapa bilmir, ya da gəlir əldə etmək üçün mütləq paytaxta üz tutmalı olurlar. Sadə desək, Bakıda pul qazanmaq olur, amma bir çox regionda nə işləmək, nə də qazanmaq mümkündür. İnsanlar uzun illərdir eyni problemlərlə qarşılaşır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan sosiaoloq Elçin Bayramlı bildirib ki, ümumiyyətlə, istər kişi, istər qadın üçün olsun, bölgələrdə iş yerləri paytaxta nisbətən xeyli dərəcədə azdır:

“Bu baxımdan orada insanların tam şəkildə məşğul olması, işləməsi praktiki mümkün deyil. Ancaq rayon mərkəzləri ilə kəndlər fərqlidir. Belə ki, mərkəzdə yaşayan qadınların iş tapması daha asan olur. Təhsil sahəsində, məktəblərdə, xəstəxanalarda, mədəniyyət mərkəzlərində, kitabxanalarda, sosial-mədəni, humanitar sahələrdə qadınlar daha çox işləyirlər.

Bununla yanaşı bir sıra özəl sektorlarda da işləyirlər, məsələn, ticarət, turizm sahələrini, yaxud ictimai iaşə sahələrini misal göstərmək olar. Amma təbii ki, bu, az bir hissə təşkil edir. Bəziləri isə ümumiyyətlə işləmək istəmir, çünki ev, ailə qayğıları var və işləməyə vaxt çatmır. Bir çoxları isə işləmək istəsə də, kifayət qədər iş yeri yoxdur.

Kəndlərə gəldikdə isə, burada vəziyyət tamam başqadır. Kəndlərdə iş yerləri, dövlət müəssisələri olmadığından, burada ancaq təsərrüfatla məşğul olmaq mümkündür. Odur ki, bir kənddə məsələn min qadın varsa, onların maksimum 50-100 nəfəri işlə təmin olunmaq iqtidarındadır”.

Ekspert bildirib ki, işləmək istəyən çox sayda qadınlar var ki, regionda yerləşən şəhər mərkəzlərinə gələ bilmir və iş tapmır:

“Sovet dövründə sistem elə qurulmuşdu ki, bütün əhali işlə təmin olunmuşdu. Bütün şəhərlərdə, qəsəbələrdə, kəndlərdə çoxsaylı müxtəlif müəssisələr, zavodlar, fabriklar, təsərrüfatlar var idi. Hamı orada işlə təmin olunurdu və heç kim işsiz qalmırdı.

Bazar iqtisadiyyatına keçəndən sonra sistem dəyişdi və kütləvi iş yerləri yoxa çıxdı. Nəticədə kişilərə də, qadınlara da bölgələrdə iş problemi yaranıb.

“Məhz bu səbəbdən ölkənin bütün regionlarından paytaxta axın var.

Ona görə də bu məsələdə xüsusi bir dövlət proqramı həyata keçirilməlidir”, – ekspert vurğulayıb.

Seçilən
118
nocomment.az

1Mənbələr