AZ

Sülh gündəliyinə kənar şərtlərin daxil edilməsi riski artır - Rəy

Yazını böyüt
Yazını kiçilt

"Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış “Tərəfdaşlıq Gündəliyi” ilk baxışdan iqtisadi və institusional əməkdaşlıq sənədi kimi təqdim olunsa da, faktiki olaraq Azərbaycan–Ermənistan sülh prosesi fonunda siyasi təsir alətinə çevrilir. Bu sənəd Aİ-yə Ermənistan üzərindən regiondakı proseslərə daha aktiv müdaxilə imkanı yaradır və sülh gündəliyinə kənar şərtlərin daxil edilməsi riskini artırır".

Bunu Hafta.az-a açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspertin fikrincə, görünən odur ki, Aİ rəsmi olaraq sülhü və sabitliyi dəstəklədiyini bəyan edir, lakin praktikada Brüsselin yanaşması balanslı vasitəçilikdən daha çox Ermənistanın siyasi və təhlükəsizlik baxımından “himayə olunması” xəttini xatırladır. Bu isə Azərbaycanla Ermənistan arasında birbaşa, vasitəçilərsiz və real nəticəyə hesablanmış sülh danışıqlarını ləngidən amillərdən biri sayılır.

B.Quliyev qeyd edib ki, “Tərəfdaşlıq Gündəliyi” çərçivəsində Ermənistanın siyasi institutlarına, təhlükəsizlik sahəsinə və informasiya mühitinə göstərilən dəstək, əslində, İrəvanın danışıqlarda daha sərt mövqe tutmasına stimul yarada bilər:

"Bu isə sülh müqaviləsinin əsas şərtlərində, yəni, qarşılıqlı ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması kimi fundamental məsələlərdə süni gərginlik yaradır. Avropa İttifaqının regionda gərginliyi tam aradan qaldırmaqdan çox, onu “idarə olunan səviyyədə” saxlamağa çalışdığı da müşahidə olunur. Bu manevr Aİ-yə həm Rusiya faktorunu balanslaşdırmaq, həm də Cənubi Qafqazda öz geosiyasi mövcudluğunu möhkəmləndirmək imkanı verir. Ermənistan isə bu rəqabətin alətinə çevrilmək riski ilə üz-üzə qalır. Hesab edirəm ki, Aİ–Ermənistan “Tərəfdaşlıq Gündəliyi” Azərbaycan–İrəvan sülh prosesinə töhfə vermək əvəzinə, əgər obyektiv və neytral mövqedən uzaq tətbiq olunarsa, danışıqların mahiyyətinə kölgə sala bilər. Davamlı sülh üçün əsas yol kənar siyasi manevrlər deyil, region ölkələrinin real vəziyyəti qəbul etməsi və beynəlxalq hüquqa söykənən qərarlar verməsidir".

Tahirə Qafarlı

Seçilən
26
hafta.az

1Mənbələr