Hindçin müharibəsi zamanı itkin düşmüş amerikalı hərbçilərə aid olduğu güman edilən bir sıra qalıqlar Vyetnam tərəfindən ABŞ-a təhvil verilib.
Herbiand.az bildirir ki, bu barədə Vyetnamın VnExpress xəbər agentliyi məlumat verib.
Hanoydakı Zalyam hərbi aeroportunda keçirilən 171-ci mərasimdə Vyetnam milli müdafiə nazirinin müavini Hoanq Suan Çien və Nazirliyin itkin düşmüş şəxslər idarəsinin əməkdaşları iştirak ediblər. Amerika tərəfini isə ABŞ-ın Vyetnamdakı səfiri Mark Knapper və ABŞ hərbi departamentinin əsir və ölümlərin uçotu agentliyinin direktoru Kelli Makkiqomun rəhbərlik etdiyi əməkdaşlar təmsil ediblər.
Qalıqlar bu yaxınlarda Laokay əyalətində keçirilən axtarış ekspedisiyası zamanı aşkar edilib. Vyetnam və Amerika məhkəmə ekspertləri artıq ilkin müayinə aparıblar və qalıqların müharibə zamanı itkin düşmüş amerikalı əsgərlərə aid ola biləcəyi qənaətinə gəliblər. Qalıqlar daha sonra əlavə təhlil və identifikasiya üçün Havaydakı ABŞ hərbi laboratoriyasına aparılacaq.
İtkin düşmüş ABŞ vətəndaşlarının qalıqlarının axtarışı və qaytarılması üzrə əməkdaşlıq 27 yanvar 1973-cü ildə Hindçin üzrə Paris Sülh Sazişlərinin imzalanmasından qısa müddət sonra başlayıb. Ötən illər ərzində Vyetnam mindən çox qalıqları ABŞ-a təhvil verib. Həmçinin, Vyetnam müharibəsi zamanı itkin düşmüş elan edilən 1900 hərbçidən 730-dan çoxunun müəyyənləşdirilməsinə kömək edib.
Bəxtiyar CƏFƏRLİ