AZ

Ay kaftar, cavan qız nəyinə lazımdır?

İnsan təkcə özü üçün yaşamır, həm də ailəsi, yaxın ətrafı üçün yaşayır. Leksikonumuzda məşhur söz var: "Eldən ayıbdır". Mən "qonşu nə deyər" fəlsəfəsindən uzaq adamam. Dünyaya bir dəfə gəlirik, yaxşı yaşamaq haqqımızdır. Amma gərək insan heç vaxt abırını itirməsin, həyasını qorusun. Bunu qonşuya yox, özünə görə eləməlidir. Azərbaycanda sosial verilişlərin çox geniş auditoriyası var. Çünki o verilişlərdə qonaq olan bəzi insanlar sözün həqiqi mənasında özlərini arsızlığa qoyurlar. Bizim camaat qədimdən xoruz döyüşdürməyi sevir. "Səni axtarıram" verilişinin eksperti olduğum çoxdanıncı illərdə studiyaya 82 yaşlı bir kişi təşrif buyurmuşdu. Gəlişinin məqsədini belə açıqlamışdı: "55 il əvvəl Rusiyada Nataşa adlı bir qızla eşq yaşamışam. Xahiş edirəm, o qızı tapın". O vaxtdan ən azı 12-13 il keçdiyi üçün söhbətin təfərrüatı yadımda deyil. Bircə onu xatırlayıram ki, 82 yaşlı "ağsaqqalı" ağ yuyub qara sərmişdim. Demişdim ki, evdə ağbirçək arvadın, oğlanların, evlənmək yaşına çatmış nəvələrin var. Axşam evə gedəndə əlli il bir damın altında yaşadığın arvadının üzünə necə baxacaqsan? Biz jurnalistlərin hər yerdə qulağı var. Sonra eşitdim ki, o kişinin nəvəsi babasına bir daha efirə çıxmamaq üçün əməlli-başlı yalvarıb. Deyib ki, utandığından tələbə yoldaşlarımın üzünə baxa bilmir. Yuxarıda yazdım axı, biz təkcə özümüz üçün yaşamırıq. Hansısa bir addım atanda təkcə özümüzü deyil, həm də ailə üzvlərimizi, yaxınlarınızı fikirləşməliyik. Kimsə arsız ola bilər, amma gərək bunu hər fürsətdə büruzə verməsin... Qardaş Türkiyəyə baxanda bizə şükür! Orada kimin əlinə pul düşürsə, cavan qız alır. Məhəmməd Əli Ərbil adlı bir şoumen var. 68 yaşlı Ərbil təkcə səhnədə deyil, həyatda da özünü artistliyə qoyur. Ərbil deyilən bu adam 4 ay əvvəl Gülseren Ceylan adlı bir qadınla nikaha girib. Bu, aktyorun altıncı evliliyidir. Buna bir sözüm yoxdur, insanın hər yaşda xoşbəxt olmağa haqqı var. Amma söhbət ondan gedir ki, xanımı Gülseren Ceylan Ərbildən düz 42 yaş kiçikdir. Aydın məsələdir ki, Gülseren yeriyəndə ayağı dolaşan aktyora pula görə ərə gedib. Bəs danışanda ağzından şorba axan Ərbil nəyinə güvənərək 26 yaşlı qız alıb? Dünən oxudum ki, Gülseren bir aydır evi tərk edib. Ərbil bir ay yalvar-yaxar edib onu geri qaytara bilmədiyi üçün cavan arvadını boşamağa qərar verib. İki gündür sosial şəbəkələrin Türkiyə seqmenti bu xəbəri müzakirə edir. Sibel adlı bir xanımın şərhi məni həm güldürdü, həm də düşündürdü: "Ay kaftar, cavan qız sənin nəyinə lazımdır?" Düz demir?

S.Vaqifoğlu, xüsusi olaraq Metbuat.az üçün

Seçilən
59
metbuat.az

1Mənbələr