Ermənistanın Baş naziri Nikol Paşinyanın bəyanatlarında Ermənistanın sülh prosesində siyasi kursu dəyişdiyi ifadə olunsa da, reallıqda zəruri addımlar atılmır. Əksinə, Avropa İttifaqı ilə Ermənistan arasında imzalanan “Tərəfdaşlıq Gündəliyi”ndə vəziyyətin yenidən gərginləşdirilməsinə yönəlik manevrlər edilir.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli Hafta.az-a bildirib ki, Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında imzalanmış “Tərəfdaşlıq Gündəliyi” sənədində yer alan bəzi müddəalar Bakı–İrəvan arasında etimad quruculuğu prosesinə zərbə vurur.

Deputat hesab edir ki, həmin sənəddə Avropa İttifaqının “Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Dağlıq Qarabağdan didərgin düşmüş ermənilərin ehtiyaclarının ödənilməsinə və sosial-iqtisadi inteqrasiyasının təşviqinə xüsusi diqqət yetirəcəyi” barədə ifadə, təkcə siyasi qərəzin deyil, həm də hüquqi manipulyasiyanın açıq göstəricisidir. Bu yanaşma imünaqişənin hüquqi-siyasi mahiyyətinin təhrif olunması cəhdidir:
“Azərbaycan öz suveren ərazilərində, beynəlxalq hüququn tanıdığı sərhədlər daxilində antiterror və konstitusiya quruluşunun bərpası tədbirləri həyata keçirib. Bu fakt BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarları və beynəlxalq ictimaiyyətin de-fakto tanıdığı reallıqlarla təsdiqlənir. Belə olan halda, Azərbaycanın öz ərazisində həyata keçirdiyi legitim tədbirlərin “didərginlik” narrativi ilə təqdim edilməsi hüquqi baxımdan əsassız, siyasi baxımdan isə təhlükəli presedent yaradır. Aİ sənəddə istifadə etdiyi terminologiya ilə faktiki olaraq Ermənistanın illərdir apardığı məsuliyyətdən yayınma siyasətinə dolayı legitimlik qazandırır. Söhbət təkcə Qarabağdan könüllü şəkildə çıxmış erməni əhalisindən getmir; bu yanaşma həm də 30 ilə yaxın müddətdə Ermənistanın işğal siyasəti nəticəsində doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlının taleyinin tamamilə görməzdən gəlinməsi deməkdir. İttifaqın bu selektiv humanizm yanaşması ikili standartların növbəti təzahürüdür”.
"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Hafta.az-a bildirib ki, Avropa İttifaqı ilə imzalanan sənədlərdə Qarabağı tərk etmiş ermənilərin geri qaytarılması mövzusunun dolayı şəkildə də olsa gündəmə gətirilməsi sülh prosesinə mənfi təsir göstərir:

"Bu, cəmiyyətdə real əsası olmayan ümidlər yaradır və müəyyən qruplara siyasi manipulyasiya üçün əlavə imkan verir. Azərbaycan XİN-in bu yanaşmaya verdiyi reaksiyanın mahiyyəti də məhz budur - region artıq yeni mərhələyə qədəm qoyub və köhnə siyasi təsəvvürlər əsasında konstruktiv dialoq aparmaq mümkün deyil. Hazırki şəraitdə Ermənistan qarşısında konkret seçim dayanır: ya keçmişdə formalaşmış təsəvvürlərə bağlı qalmaqla daimi gərginlik mühitini davam etdirmək, ya da siyasi, hüquqi və ictimai sahələrdə yeni yanaşmanı formalaşdıraraq sülhə real imkan yaratmaq. Bu seçim, hər şeydən əvvəl, Ermənistanın öz təhlükəsizliyi, iqtisadi inkişafı və dövlətçilik perspektivi üçün həlledici əhəmiyyət daşıyır. Azərbaycan isə artıq regionun yeni siyasi arxitekturasını müəyyənləşdirən başlıca aktordur və sülh prosesində açıq mövqe nümayiş etdirir".
Ə.Nuriyev vurğulayıb ki, Bakı bu gün daha çox strateji sabitlik və uzunmüddətli inkişaf müstəvisində düşünür və Ermənistanın hansı qərarı verəcəyinə uyğun olaraq regionda yeni nizam formalaşır:
“Paşinyanın son bəyanatları müəyyən istiqamət göstərir, amma hələ ki bu, siyasi dəyişikliyin təsdiqi deyil. Siyasi kursu sözlər yox, addımlar formalaşdırır. “Artsax” kimi terminlərdən imtina, separatçı strukturların tam ləğvi və kilsənin radikal ritorikasına son qoyulması Ermənistan üçün təkcə sülhün deyil, ümumiyyətlə, müasir dövlətçiliyin əsas şərtləridir. Bu addımlar atılarsa, regionda yeni dayanıqlı sabitlik dövrü başlaya bilər. Atılmasa, həm sülh prosesi, həm də Ermənistanın öz daxili inkişaf perspektivləri yenə qeyri-müəyyənlikdə qalacaq. Ermənistan uzun illər boyunca separatizmi və revanşizmi qidalandıran ideoloji çərçivə formalaşdırmışdı. Əgər İrəvan bu gün fərqli istiqamətdən danışmaq istəyirsə, həmin çərçivənin daşıyıcılarının təsir imkanlarının məhdudlaşdırılması əsas başlanğıc nöqtəsidir”
Tahirə Qafarlı