2025-ci ilin 9 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 14 mlrd. ABŞ dolları təşkil edib.
Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edilib ki, bunun 7.7 mlrd. ABŞ dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 6.3 mlrd. ABŞ dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 12.8% azalaraq 1.4 mlrd. ABŞ dolları olub.
Bildirilib ki, neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1.1 mlrd. ABŞ dolları olub. Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 280.7 mln. ABŞ dolları olub. Qarşılıqlı xidmətlər dövriyyəsinin 28.2%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 4 mlrd. ABŞ dolları olan nəqliyyat xidmətlərinin 66.3%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub.
Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 2.6 mlrd. ABŞ dolları, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1.4 mlrd. ABŞ dolları təşkil edib.
Nəqliyyat xidmətləri üzrə profisit 50.2% artaraq 1.3 mlrd. ABŞ dolları olub.
Xatırladaq ki, nəqliyyat xidmətləri üzrə profisit 2024-cü ilin 9 ayında 0.9 mlrd. ABŞ dolları təşkil edib.