AZ

Bunları etsəniz CƏRİMƏLƏNƏCƏKSİNİZ – 300–500 manat…

Azərbaycanda açıq havada siqaret çəkməklə bağlı ümumi qadağa olmasa da, qanunvericilik bir sıra hallarda bu vərdişi məhdudlaşdırır və inzibati məsuliyyət nəzərdə tutur.

Bir çox vətəndaş açıq havada siqaret çəkməyin tam sərbəst olduğunu düşünsə də, əslində müəyyən məkanlarda bu davranış qanun pozuntusu hesab olunur və cərimə ilə nəticələnə bilər.

Mövcud qaydalara əsasən, insanların sıx toplaşdığı və ictimai təhlükəsizlik, sağlamlıq baxımından risk yaradan açıq məkanlarda siqaret çəkməyə məhdudiyyət qoyulur.

Xüsusilə təhsil müəssisələrinin həyətləri, uşaq bağçalarının əraziləri, xəstəxana və tibb müəssisələrinin giriş hissələri, stadionlar, idman meydançaları, parkların uşaq oyun zonaları, eləcə də ictimai tədbirlərin keçirildiyi açıq sahələr bu kateqoriyaya daxildir. Bundan əlavə, ictimai nəqliyyat dayanacaqları, yeraltı və yerüstü keçidlər, açıq hava kafelərinin qapalıya yaxın hissələri də faktiki olaraq məhdud zonalar hesab olunur.

Bu yerlərdə siqaret çəkmək ətrafdakı insanların sağlamlığına təhlükə yaratdığı üçün qanunla qadağan edilib.

Hüquqşünas Əli Hüseynov NOCOMMENT.az-a açıqlamasında bildirib ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun yalnız qapalı məkanları deyil, açıq havada olan bəzi əraziləri də əhatə edir.

Onun sözlərinə görə, əsas meyar ərazinin ictimai xarakter daşıması və orada siqaret çəkməyin başqalarına, xüsusilə uşaqlara və həssas qruplara zərər vurması riskidir.

“Məktəb və xəstəxana əraziləri, uşaq meydançaları kimi yerlər açıq hava olsa belə, siqaret üçün qadağan olunmuş zonalar sayılır. Bu tələblərin pozulması inzibati məsuliyyət yaradır və vətəndaşlar cərimə oluna bilər. Açıq havada siqaret çəkən şəxs əgər qadağan olunmuş ərazidə olarsa və bu fakt aidiyyəti qurumlar tərəfindən aşkarlanarsa, inzibati qaydada cərimə tətbiq edilə bilər. Bir çox hallarda vətəndaşlar “açıq havadır” arqumenti ilə özlərini haqlı saysalar da, qanunvericilik məkanın açıq və ya qapalı olmasından çox, onun ictimai funksiyasını əsas götürür”.

Hüquqşünasın sözlərinə görə, cərimələr qanunla müəyyən edilib və pozuntular ciddi maliyyə məsuliyyətinə səbəb olur:

“Hazırda qaydaları pozan fiziki şəxslər üçün inzibati cərimə 20–40 manat, hüquqi şəxslər üçün isə 300–500 manat arasıdır. Əgər şəxs qadağan olunmuş ərazidə təkrar siqaret çəkirsə, cərimə məbləği artırıla və hüquqi addımlar gücləndirilə bilər”.

Onun fikrincə, bu məhdudiyyətlərin məqsədi siqaret çəkənləri cəzalandırmaqdan daha çox, ətrafdakı insanların sağlamlığını qorumaqdır:

“Cərimələrin əsas məqsədi vətəndaşları cəzalandırmaq deyil, ictimai sağlamlığı qorumaqdır. Xüsusilə uşaqların və xəstələrin olduğu yerlərdə passiv siqaretçəkmənin qarşısının alınması dövlətin əsas prioritetlərindəndir”.

Hüquqşünas əlavə edir ki, siqaret çəkən şəxslər açıq havada belə, ətraf mühitə və digər insanların hüquqlarına hörmət etməli, yalnız icazə verilən yerlərdə bu vərdişi icra etməlidirlər.

Seçilən
68
nocomment.az

1Mənbələr