“Gələcəyə Baxış Avropaya İnteqrasiya” İctimai Birliyinin sədri Bəsti Nəsibova QHT.az-a verdiyi açıqlamada 2025-ci ilin vətəndaş cəmiyyəti üçün məhsuldar keçdiyini bildirib.
Onun sözlərinə görə, il ərzində vətəndaş cəmiyyəti nümayəndələri bir çox yerli və beynəlxalq tədbirlərdə fəal iştirak edib, ölkədə baş verən yenilikləri öz fəaliyyətlərində əks etdiriblər:
"2025-ci il ərzində təşkilatımız tərəfindən bir sıra mühüm fəaliyyətlər həyata keçirilmişdir. “Qərbi Azərbaycanın Qars Yaddaşı” adlı sənədli film Türkiyənin Qars şəhərində çəkilmişdir. Eyni zamanda, Laçın şəhərində qadınlar üçün peşəyönümlü təlimlər təşkil olunmuşdur.
Bununla yanaşı, Laçın və Zəngilan rayonlarında uşaq əməyinin istismarı mövzusunda polis əməkdaşları üçün maarifləndirici təlimlər keçirilmişdir. Həmçinin keçmiş məcburi köçkünlərlə görüşlər təşkil olunmuş, onlara Böyük Qayıdış prosesi, sosial uyğunlaşma və yeni yaşayış şəraitinə inteqrasiya ilə bağlı məlumat və dəstək verilmişdir"
QHT sədri həmçinin bildirib ki, həyata keçirilən layihələr çərçivəsində sənədli filmin çəkilişi, peşəyönümlü və maarifləndirici təlimlərin təşkili, eləcə də həssas qruplarla birbaşa iş aparılmışdır:
"Qadınların iqtisadi fəallığının artırılması, uşaq əməyinin istismarının qarşısının alınması, hüquq-mühafizə orqanlarının bilik və bacarıqlarının gücləndirilməsi, həmçinin keçmiş məcburi köçkünlərin məlumatlandırılması və sosial dəstəklə əhatə olunması əsas istiqamətlər olmuşdur".