AZ

Rauf Cabarov: Azərbaycan Süni İntellekt üzrə regional rəqəmsal hab statusunu möhkəmləndirir

Bakı, 15 dekabr, Səbinə Əlizadə, AZƏRTAC

Müasir dövrdə dünyada və regionda baş verən texnoloji dəyişikliklər, xüsusilə Süni İntellekt (Sİ) sahəsindəki sürətli inkişaf ölkələr arasında informasiya dövriyyəsinin həcmini xeyli artırıb. Bu dinamika internet sürətinin yüksəldilməsi, gecikmələrin minimuma endirilməsi və yüksək performanslı data mərkəzlərin qurulması zərurətini ortaya çıxarır. Sİ üzrə sorğuların emalının bilavasitə super kompüterlərdə həyata keçirilməsi ölkəmizdə yeni nəsil data mərkəzlərin və hesablama sistemlərinin yaradılmasını strateji prioritetə çevirib. Bu, öz növbəsində süni intellekt və bulud provayderlərinin Azərbaycan və region üzrə marağını artırır.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov deyib.

O bildirib ki, region ölkələrində artıq iri Sİ mərkəzlərinin yaradılmasına start verilib və yaxın illərdə Azərbaycanın da bu prosesin mühüm iştirakçısına çevriləcəyi gözlənilir. Prezident İlham Əliyevin süni intellekt və rəqəmsal inkişafla bağlı açıqlamaları ölkəmizin qlobal texnoloji transformasiyaya açıq olduğunu, beynəlxalq mərkəzlərlə əməkdaşlığa hazır olduğunu nümayiş etdirir. Azərbaycanın iqlim şəraiti, enerji resursları və infrastruktur imkanları süni intellekt və data mərkəzləri üçün ciddi rəqabət üstünlüyü yaradır və ölkəmizi regional rəqəmsal hab kimi önə çıxarır.

Rauf Cabarov qeyd edib ki, bu kontekstdə Slovakiya ilə əməkdaşlıq hər iki ölkə üçün vacib texnoloji sinerji formalaşdıra bilər. Avropa bazarında yerləşən Slovakiya son illər Sİ və bulud xidmətləri sahəsində intensiv inkişaf yolu keçib. Bu ölkədə ESET kimi dünyanın aparıcı kibertəhlükəsizlik şirkətlərindən biri formalaşıb və uzun illərdir Azərbaycanda da fəaliyyət göstərir. Bununla yanaşı, “Photoneo”, “Innovatrics”, “Datacube.ai” və “Regul.ai” kimi şirkətlərin biometrik identifikasiya, robototexnika və süni intellekt analitikası üzrə təqdim etdiyi həllər Slovakiya texnoloji ekosisteminin gücünü göstərir. Bratislava və Koşiçedə yerləşən data mərkəzləri Avropa standartlarına uyğunluğu, enerji infrastrukturu və beynəlxalq bulud provayderləri ilə əməkdaşlıq imkanları baxımından seçilir.

İcraçı direktor vurğulayıb ki, mövcud üstünlüklər fonunda Azərbaycan Slovakiya üçün ehtiyat data mərkəzləri rolunu oynaya bilər. Enerji qiymətlərinin aşağı olması, bərpaolunan enerji mənbələrinin genişlənməsi və əlavə elektrik güclərinin mövcudluğu bu əməkdaşlığı daha da cəlbedici edir. "Enerji məsələsi bu əməkdaşlığın çox vacib amilidir. Buna əsas səbəb data mərkəzlərin enerji istehlakıdır. Belə ki, bu müəssisələr dünya üzrə elektrik enerjisinin 5 faizə qədərini istifadə edir. Süni intellekt və yüksək performanslı data mərkəzlər üzrə bu göstərici daha yüksəkdir. Bu səbəbdən ölkəmiz həm iqlim, həm enerji xərclərini azaltmaq məqsədilə yeni data mərkəzlərin qurulması üçün çox uyğun coğrafi yerləşməyə malikdir”, - deyə Rauf Cabarov bildirib.

Onun sözlərinə görə, Slovakiya şirkətlərinin enerji-səmərəli soyutma sistemləri, modulyar data mərkəz inşası və sənaye tədarük zənciri üzrə təcrübəsi Azərbaycanda qurulacaq yeni data mərkəzlər üçün əhəmiyyətli imkanlar açır. Birgə investisiya modelləri tətbiq olunacağı təqdirdə Azərbaycan Avropa mənşəli IT xidmətləri üçün “edge-to-cloud” mərkəzinə çevrilə bilər. Bu isə ölkəmizin Cənubi Qafqazı və Mərkəzi Asiyanı Avropa bulud və IT xidmətlərinə bağlayan regional rəqəmsal hab rolunu daha da möhkəmləndirəcək.

R.Cabarov əlavə edib ki, belə əməkdaşlıq həm regiona, həm də qlobal texnoloji şirkətlərə Azərbaycanın açdığı imkanları artıracaq. Yeni data mərkəzlərin qurulması böyük IT nəhənglərinin ölkəmizə marağını yüksəldəcək və texnologiya transferini sürətləndirəcək. “Slovakiya ilə mümkün texnoloji inteqrasiya Avropa standartlarına uyğunluq, İKT sektoruna yeni investisiyaların cəlbi və ikitərəfli strateji əməkdaşlığın genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün regional texnoloji rəqabətin artdığı bir şəraitdə güclü tərəfdaşlarla işləmək xüsusi əhəmiyyət daşıyır”, - deyə icraçı direktor vurğulayıb.

O bildirib ki, bu istiqamətdə atılacaq addımlar Azərbaycan üçün iqtisadi-texnoloji inteqrasiyanın yeni mərhələsini formalaşdıracaq, süni intellekt ekosisteminin inkişafına ciddi töhfə verəcək və ölkəmizin regional rəqəmsal lider mövqelərini daha da gücləndirəcək.

Seçilən
64
azertag.az

1Mənbələr