Moskva, 15 dekabr, AZƏRTAC
Rusiyanın Perm diyarında itkin düşmüş turistləri axtarmaq üçün Oslyanka dağının zirvəsindən termal görüntüləmə kamerası olan pilotsuz uçuş aparatının buraxılması planlaşdırılır. Bu aparat həmin yerə qar arabaları ilə daşınacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “LizaAlert” regional axtarış-xilasetmə dəstəsinin koordinatoru Kirill Çelışev bildirib.
Onun sözlərinə görə, güclü külək və qar səbəbindən hazırda təyyarələrdən istifadə etmək mümkün deyil. Pilotsuz uçuş aparatının buraxılması dekabrın 16-na planlaşdırılıb.
Perm diyarında 13 nəfərdən ibarət qeydiyyatsız turist qrupunun axtarışı davam edir. Dekabrın 13-də Sverdlovsk vilayətindən 15 turist qar arabaları ilə Oslyanka dağına yola düşüb, lakin onlardan 2-si həmin gün qəsəbəyə qayıdıb. Qrupun qalan üzvləri Kizelovsk bələdiyyə dairəsinin Srednyaya Usva qəsəbəsində təyin olunmuş görüş yerinə gəlməyiblər.
İlkin məlumatlara görə, turistlər zirvədən enməzdən əvvəl əlaqəni itiriblər. Onların mobil telefonları və radio stansiyaları var idi, lakin peyk telefonu bazada qalıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva