AZ

“Ankara proseslərə cavab vermək məcburiyyətində qala bilər”-XƏBƏRDARLIQ

Qara dənizdə gərginliyin yeni mərhələyə keçməsi regionun əsas oyunçularından biri olan Türkiyəni getdikcə daha mürəkkəb geosiyasi dilemmanın mərkəzinə çəkir. Rusiya–Ukrayna müharibəsi fonunda baş verən son hadisələr göstərir ki, tərəflər arasındakı qarşıdurma artıq yalnız cəbhə xətti ilə məhdudlaşmır və dolayı mexanizmlər vasitəsilə üçüncü ölkələrin maraqlarına da toxunur. Xüsusilə Türkiyə üzərindən cərəyan edən proseslər Ankaranın balanslı siyasətini ciddi sınaq qarşısında qoyur.

Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Ukraynanın Qara dənizdə Rusiyanın “kölgə donanması”nı hədəf almasından sonra Moskva bu cür addımların təkrarlanacağı təqdirdə sərt cavab veriləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Onun sözlərinə görə, proseslərin məhz Türkiyə üzərindən inkişaf etməsi xüsusi diqqət çəkir:

“Burada əsas məsələ ondan ibarətdir ki, Türkiyə Qara dəniz hövzəsində aparıcı dövlətdir. Həm iqtisadi zonaya aid suların genişliyi, həm də dəniz nəqliyyatı və iqtisadi aktivlik baxımından digər sahilyanı ölkələrlə müqayisədə daha böyük çəkiyə malikdir. Bu səbəbdən müharibə tərəfləri olan Ukrayna və Rusiya bir-birilərini zəiflətmək üçün Türkiyə faktoru üzərindən hərəkət edirlər və nəticədə bu qarşıdurmanın fəsadları məhz Türkiyənin üzərinə düşür”.

Azər Qasımov qeyd edib ki, zahirən Ukrayna və Rusiya ilə Türkiyə arasında açıq problem görünməsə də, atılan addımlar faktiki olaraq Ankaranı hədəfə alır:

“Bu vəziyyət, ilk növbədə, Rusiyanın Türkiyəyə qarşı üstüörtülü narazılığının artıq açıq müstəviyə keçdiyini göstərir. Rusiya Türkiyəyə məxsus gəmini Ukraynanın Odessa limanında guya silah daşıdığı iddiası ilə vurub. Halbuki gəmidə hər hansı silah olmayıb. Bu, Moskvanın Türkiyəni müharibədən kənarda qalmağa məcbur etmək cəhdidir”.

Politoloqun fikrincə, Türkiyə bu prosesdə əsasən iqtisadi maraqlardan çıxış edir:

“Ancaq Türkiyə müharibə tərəflərinin qarşılıqlı addımlarından zərər görməyə davam edərsə, gec-tez buna cavab vermək məcburiyyətində qalacaq. Ankaranın əlində kifayət qədər ciddi təsir rıçaqları mövcuddur. Bunlara boğazlardan keçidin məhdudlaşdırılması və ya ləngidilməsi, Rusiyanın Qara dəniz üzərindən keçən qaz infrastrukturuna qarşı addımlar, hətta qaz alışının dayandırılması kimi variantlar daxildir.

Türkiyənin diplomatik imkanları da genişdir. Türkiyə məsələnin danışıqlar yolu ilə həlli üçün güclü siyasi resurslara malikdir. Bu baxımdan Ankaranın bundan sonra atacağı addımlar regionda yaranmış vəziyyətin taleyini müəyyənləşdirəcək əsas amillərdən biri olacaq”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
78
editor.az

1Mənbələr