Otuz ilə yaxın bir müddətdən sonra öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan bu gün Böyük Zəfər tarixini və sözün əsl mənasında dövlətçiliyin intibah dövrünü yaşayır. Xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, böyük uğurla həyata keçirilən daxili və xarici siyasətə hərtərəfli dəstək nümayiş etdirir. Belə bir şəraitdə cəmiyyətdə zərrə qədər nüfuzu olmayan ayrı-ayrı şəxslərin ambisiyalarından qaynaqlanan milli maraqlara zidd davranışı dərin ikrah hissi doğurur və şübhəsiz ki, onların qanuna zidd hərəkətləri dövlətin müvafiq strukturlarının diqqətindən kənarda qalmır və qarşısı qətiyyətlə alınacaq.
Məlum olduğu kimi, son dövrlərdə ölkəmizin ictimai-siyasi həyatında diqqəti cəlb edən hadisələr sırasında Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) və 193-1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittihamın irəli sürülməsi xüsusi yeri tutur. Belə bir ittihamın fövqaladə xarakter daşıması 274-cü və 278-ci maddələrin xüsusilə ağır cinayətlər kateqoriyasına daxil edilməsi və onların Cinayət Məcəlləsinin “Dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər” adlanan 31-ci bölməsində yerləşməsi, təqsirləndirilən şəxsin dövlət ierarxiyasında əvvəlki dövrlərdə yüksək post tutması ilə təsdiq olunur.
Hər zaman milli dövlətçiliyin keşiyində duran, ölkəmizi xarici və daxili təhdidlərdən ardıcıl formada qoruyan Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən cinayət işinin başlanması sübut edir ki, Azərbaycanda hər kəs tutduğu vəzifəsindən, əvvəlki xidmətlərindən və sair amillərdən asılı olmayaraq qanun qarşısında bərabərdir və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Hazırda cinayət işi üzrə bütün zəruri prosessual hərəkətlər həyata keçirilir, qeyd edilən cinayətlərlə bağlantısı olan şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq tədbirlər görülür. Eyni zamanda qeyd etmək lazımdır ki, bu gün cəmiyyətdə heç bir nüfuzu olmayan, özünü “müxalifət” adlandıran anti-milli qüvvələrin xalqımızın fundamental maraqlarına zidd olaraq daxili sabitliyi sarsıtmaq cəhdlərinin qarşısı qətiyyətlə alınacaq.
Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü