AZ

Dönərdən zəhərlənmə halları xeyli artıb - Ekspert səbəbləri açıqladı

Son zamanlar ölkədə dönərdən zəhərlənmə hallarının artması cəmiyyətdə ciddi narahatlıq doğurub. Bu cür hadisələr əsasən qida təhlükəsizliyi qaydalarına əməl edilməməsi və gigiyenik normaların pozulması ilə əlaqələndirilir. Kütləvi şəkildə baş verən zəhərlənmələr insanların sağlamlığı üçün böyük risk yaradır və ictimai iaşə obyektlərinə olan etimadı azaldır. Məsələ ilə bağlı aidiyyəti qurumların nəzarət tədbirlərini gücləndirməsi vacib hesab olunur. Bu problem qida mədəniyyətinin və məsuliyyətin artırılmasının zəruriliyini bir daha gündəmə gətirir.Mövzu ilə bağlı Missiya.Az-a danışan qida eksperti Ağa Salamov bildirib ki, dönər zəhərlənmələri son zamanlar artmaqdadır:

"Bu halların başlıca səbəbi əksər hallarda ətin çirklənməsidir. Ətin düzgün şəraitdə daşınmaması, saxlanmaması və təqdim olunmaması onun xarab olmasına gətirib çıxara bilər. Bunlar əsas səbəblər olsa da, bəzən diqqətdən yayınan digər mühüm məqamlar da mövcuddur. Onlardan biri aşçı heyətinin papaq taxmaması, sanitar və fərdi gigiyena qaydalarına əməl etməməsidir. Eyni zamanda çarpaz çirklənmələrə yol verilməsi ciddi risk yaradır",- deyə o bildirib.

Ekspertin sözlərinə görə, "TikTok" kimi sosial şəbəkələrdə dönərxanalardan edilən canlı yayımlara baxdıqda görürük ki, işçilərin əksəriyyəti papaqsız və əlcəksiz çalışır. Bu isə stafilokok bakteriyasının qidaya birbaşa ötürülməsi deməkdir. Gigiyena qaydalarına görə papaq taxılmasının məqsədi tərin, kəpəyin və saç tüklərinin qidaya düşməsinin qarşısını almaqdır. Bu cür laqeydlik bəzən kütləvi qida zəhərlənmələrinə səbəb olur.

Ekspert qeyd edib ki, patogen bakteriyaların sayı çox olmasa da, onlardan biri olan stafilokok bakteriyası əsasən insanın dərisində, saçında və burun ətrafında mövcud olur və asanlıqla qidaya keçə bilir:

"Bəzən isə tam bişməmiş ət istehlakçılara təqdim edilir. Xüsusilə sifarişlərin çox olduğu vaxtlarda müştəriləri gözlətməmək və daha çox qazanc əldə etmək məqsədilə kəsim sürətləndirilir. Bu zaman ət tam bişmir və nəticədə qida zəhərlənməsi halları meydana çıxır",- deyə əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
117
missiya.az

1Mənbələr