AZ

Ekspert: Baş plan Bakının beynəlxalq standartlara uyğun, müasir və davamlı şəhər kimi inkişafına xidmət edir

Bakı,15 dekabr, AZƏRTAC

Bakı şəhərinin 2040-cı ilədək olan Baş planında paytaxtın problemlərinin həlli istiqamətində əsas etibarı ilə hansı məsələlər öz əksini tapacaq və bu zaman beynəlxalq təcrübədən istifadə edilirmi?

Tikinti üzrə ekspert Anar Qurbanov AZƏRTAC-a açıqlamasında bildirib ki, Baş plan paytaxtın gələcəkdə necə inkişaf edəcəyini müəyyən edən əsas sənəddir. Bu planın məqsədi Bakını uzun müddət üçün dayanıqlı və rahat şəhərə çevirməkdir.

“Sənəd şəhərin görünüş, sosial, ekoloji, iqtisadi və nəqliyyat problemlərinin həllini nəzərdə tutur. Şəhərin sürətlə böyüməsi, əhalinin artması və müasir həyat tərzi yeni və müasir yanaşmaların tətbiqini tələb edir. Baş plan hazırlanarkən digər ölkələrin böyük şəhərlərinin təcrübəsindən geniş istifadə olunub. London, Sinqapur, Barselona kimi şəhərlərdə tətbiq edilən müasir şəhərsalma üsulları Bakının şəraitinə uyğunlaşdırılıb. Şəhərin problemlərinin həllində beynəlxalq təcrübə əsas rol oynayacaq. Bu çərçivədə “ağıllı şəhər” sistemləri, rəqəmsal xidmətlər, şəhər idarəçiliyinin asanlaşdırılması və insanların rahat istifadə edə biləcəyi ictimai məkanların yaradılması nəzərdə tutulur”.

Ekspert, həmçinin qeyd edib ki, Baş plan problemləri qısa müddət üçün deyil, uzunmüddətli və davamlı şəkildə həll etməyi hədəfləyir: “Bu plan sayəsində Bakı daha müasir, yaşıl və rahat şəhərə çevriləcək. Prezident İlham Əliyev Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş planını ölkə üçün vacib sənəd kimi qiymətləndirir. Ümumilikdə isə Baş plan Bakının beynəlxalq standartlara uyğun, müasir və davamlı şəhər kimi inkişafına xidmət edir.

 

 

 

 

Seçilən
41
azertag.az

1Mənbələr